İyulun 18-i səhər saatlarında Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, şəhərin Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində "KamAz" markalı yük avtomobili ilə “VAZ 2109” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri alıb.
TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
2004-cü il təvəllüdlü şəxsə sağ bud sümüyünün çıxığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib. 2008-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, komatoz vəziyyət, beyin silkələnməsi diaqnoz təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. 2004-cü il təvəllüdlü şəxsə isə qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, üzün sağ nahiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.