EN

Azərbaycan QHT-si Cenevrədə BMT-nin ofisi qarşısında müharibədə itkin düşmüş şəxslərlə bağlı aksiya keçirməyi planlaşdırır

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi “İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlayıb.

“Report”un məlumatına görə, layihə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir və məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

Layihənin əsas məqsədi Cenevrədə BMT-nin ofisi qarşısında dinc aksiyanın keçirilməsidir.

Aksiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş 7 itkin ailəsinin üzvü iştirak edəcək.

İctimai Birlikdə qeyd ediblər ki, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və BMT-nin itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması, itkin düşmüş azərbaycanlıların son taleyi və məzar yerləri haqqında məlumatların Ermənistan tərəfindən Azərbaycan dövlətinə və itkin ailələrinə verilməsi üçün BMT-dən Ermənistana təsir etməyə çağıracağıq”.

Qeyd edək ki, 2025-ci il iyunun 1-ə olan məlumata əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır.

Onlardan 3 984 nəfəri XX əsrin 90-cı illərində yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük ikinci Qarabağ müharibəsində itkin düşmüşlər. 3 990 nəfərdən 3 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocadır.

Chosen
100
2
report.az

3Sources