AZ

Fransanın yeni dünyaya köhnə hegemonluqla yanaşması iflasa uğrayır

Dünya dəyişib, güc mərkəzləri yenilənib və Paris bu reallıqla barışmaq məcburiyyətindədir

"Demokratiyanın beşiyi" kimi təqdim olunan Fransa, əslində, ikili standartların və neo-imperialist siyasətin başlıca təmsilçilərindən biridir. Dünyaya insan haqları və azadlıqlar mövzusunda dərs keçməyə çalışan bu ölkənin özü, illərdir, həm daxildə sosial ədalətsizlik, polis zorakılığı, islamofobiya kimi problemlərlə, həm də xaricdə keçmiş müstəmləkələrə yönəlik zorakı və manipulyativ siyasəti ilə gündəmdədir. Fransanın demokratiya anlayışı yalnız öz maraqlarına xidmət edən hallarda işləyir. Elə buna görə də Parisin Afrikadakı sabiq müstəmləkələrində yenidən nüfuz savaşı aparmaq cəhdləri bu dəfə Malidə ifşa olunub. Rəsmi Bamako tərəfindən saxlanılan və ölkənin institutlarını destabilizə etməkdə ittiham olunan şəxsin Fransanın Bamakodakı səfirliyinin əməkdaşı olması, bu ölkənin nə dərəcədə ikiüzlü və təhlükəli “demokratiya ixracatçısı” olduğunu bir daha nümayiş etdirir.  Parisin dərhal bu ittihamları “əsassız” adlandırması isə hər zamankı kimi, Fransa dövlətinin ikili standartlarla davranmasının və digər ölkələrin daxili işlərinə müdaxilə etmək vərdişindən əl çəkmədiyinin göstəricisidir.

Azərbaycanın öz suveren hüquqlarını müdafiə edərkən Fransanın necə isterik, qərəzli və düşmən mövqe tutduğu yaxşı məlumdur. İndi isə eyni ssenari Afrikada da təkrarlanır. Paris bu günə qədər nə Cənubi Qafqazda, nə də Afrikada sabitlik və əməkdaşlıq üçün real addım atıb. Əksinə, xaos yaratmaq, yerli hakimiyyətləri zəiflətmək və köhnə müstəmləkəçilik siyasətini davam etdirmək niyyətindədir. Mali hakimiyyətinin bu addımı Fransanın “demokratiya” pərdəsi arxasında gizlətdiyi siyasi oyunları bir daha üzə çıxardı. Qeyd edək ki, bu hadisə Fransa və Mali arasında son dövrlərdə artan diplomatik gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Rəsmi Bamako artıq bir neçə ildir ki, Fransanı ölkənin daxili işlərinə qarışmaqda, siyasi proseslərə təsir göstərməkdə və sabitliyi pozmaqda ittiham edir. Bu ittihamların fonunda səfirlik əməkdaşının saxlanılması Fransa üçün açıq mesajdır: Mali artıq keçmiş müstəmləkə münasibətlərinə dözmək niyyətində deyil və suverenliyinə qarşı istənilən müdaxiləyə sərt cavab verməyə hazırdır.

Xatırladaq ki, Mali keçid hökuməti bu il avqustun 1-də ölkədə respublika institutlarının sabitliyini pozmağa yönəlmiş şəbəkənin ifşa olunduğunu və bir sıra şəxslərin saxlanıldığını bəyan edib. Mali təhlükəsizlik və mülki müdafiə naziri, eyni zamanda müdafiə nazirinin səlahiyyətlərini icra edən general Daud Ali Mohammedi bu barədə televiziya vasitəsilə ictimaiyyətə məlumat verib. Açıqlamada qeyd olunur ki, saxlanılanlar arasında Fransa kəşfiyyat xidməti ilə əlaqəsi olduğu deyilən Vizilye Yann adlı fransız vətəndaşı da var. O, Mali cəmiyyətində nüfuzlu fiqurlar olan siyasi liderləri, vətəndaş cəmiyyəti təmsilçilərini, o cümlədən briqada generalları Abbas Dembeleni və Nema Saqaranı öz planlarına cəlb etməkdə ittiham olunur. Bu fakt Fransa dövlətinin birbaşa müdaxilə niyyətlərini və Afrika ölkələrinin daxili işlərinə təsir göstərmək üçün həyata keçirdiyi gizli fəaliyyətləri bir daha üzə çıxarır.

Ölkəmizlə  bağlı da Fransanın təhriki və yönləndirməsi ilə bu günə qədər qəbul olunan qətnamələr reallıqla uzlaşmayıb, obyektivlikdən tam uzaq olub. Bu sənədlər birtərəfli mövqeyin, siyasi maraqların və Ermənistanı müdafiə edən dairələrin təsiri ilə formalaşıb. Onlarda nə Azərbaycanın tarixi haqları, nə işğal faktları, nə də erməni təcavüzünün nəticələri əks olunub.  Hətta Azərbaycan xalqına qarşı törədilmiş tarixi cinayətlərə də bilərəkdən göz yumulub.  Halbuki işğaldan azad edilmiş ərazilərimiz-Qarabağ və Şərqi Zəngəzur bu gün erməni vandalizminin canlı muzeyinə çevrilib. Burada xarici qonaqlar, diplomatlar, jurnalistlər və beynəlxalq təşkilat nümayəndələri ermənilərin törətdiyi dağıntıların, kütləvi məzarlıqların, minalanmış torpaqların və vəhşiliklə yerlə-yeksan edilmiş şəhərlərin canlı şahidinə çevrilirlər. Fransanın və bəzi dairələrin hamilik etdiyi Ermənistan özünə saxta tarix uydursa da, tarixi həqiqətləri ört-basdır etmək mümkün deyil. Xocalı soyqırımı  təkcə Azərbaycanın deyil, XX əsrin ən dəhşətli cinayətlərindən biri olaraq erməni vəhşiliyinin danılmaz sübutudur.

Qəbul edilmiş qondarma qətnamələrdə isə Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımızın geri qayıdış hüququndan bir kəlmə belə bəhs edilmir. Halbuki bu məsələ Azərbaycanın humanitar və beynəlxalq hüquqa əsaslanan əsas prioritetlərindən biridir. Tarixi Qələbəmizdən sonra başlayan böyük Qayıdış artıq Şərqi Zəngəzur və Qarabağla məhdudlaşmır. İndi isə Qərbi Azərbaycana Qayıdış çağırışı Azərbaycanın milli və mənəvi gündəmində ön sırada yer alır. Artıq dövlət suverenliyimizin tam bərpası, Cənubi Qafqazda yeni reallıqların formalaşmasına səbəb olub. Məhz bu dəyişikliklər fonunda Fransanın Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqeyə keçməsi təsadüfi deyil. Son illərdə Fransanın təhriki ilə qəbul edilən, hüquqi əhəmiyyəti olmayan və mahiyyət etibarilə Azərbaycan üçün yalnız kağız parçası sayıla biləcək qətnamə layihələri, Parisin müstəqil və güclü Azərbaycanla barışmaq istəmədiyini açıq şəkildə ortaya qoyur.

Ermənistanla sülh prosesinin irəlilədiyi, xüsusilə də Vaşinqtonda paraflanmış bəyannamənin bölgədə sabitliyə yol açdığı bir vaxtda yenidən avroparlamentarilərin qərəzli bir qətnamə layihəsini gündəmə gətirmələri onların  sülhün əldə olunmasından narahatlıqlarının və proseslərdən kənarda qalmalarını həzm edə bilməmələrinin açıq göstəricisidir. Bu, eyni zamanda, Fransanın bölgədəki maraqlarının sülhə deyil, xaosa və separatizmin təşviqinə yönəldiyini bir daha sübut edir. Makron rejimi bu gün uduzduğunu, beynəlxalq nüfuzunun sürətlə azaldığını və artıq "möhtəşəm Fransa" mifinin dağılmaqda olduğunu qəbul etməlidir. Parisin keçmiş müstəmləkələrə qarşı hələ də imperialist yanaşma sərgiləməsi, suveren dövlətlərin daxili işlərinə burnunu soxması, xüsusilə Afrikada sabitliyi pozmaq cəhdləri birbaşa iflasa uğrayır. Fransa indi keçmiş imperiya nostalgiyası ilə yaşayan, lakin real gücü tükənmiş bir dövlətdir. Dünya dəyişib, güc mərkəzləri yenilənib və Paris bu reallıqla barışmaq məcburiyyətindədir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
22
43
ikisahil.az

10Mənbələr