İngiltərənin “Çelsi” klubu Almaniyanın “Borussiya Dortmund” komandasından cinah hücumçusu Ceymi Qittensin transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı futbolçu ilə 2032-ci ilin yayına qədər uzunmüddətli müqavilə imzalanıb.
Almaniyanın məşhur “Transfermarkt” portalının məlumatına əsasən, transferin maliyyə dəyəri 64,3 milyon avro təşkil edib.
Qeyd edək ki, Qittens “Mançester Siti” akademiyasının yetirməsidir. O, 2020-ci ilin sentyabrında Dortmund klubunun gənclər komandasına qoşulmuşdu. 2022-ci ilin yayından etibarən isə “Borussiya”nın əsas heyətində çıxış edirdi.
2024/2025 mövsümündə Qittens bütün turnirlər daxil olmaqla 49 oyunda iştirak edib, 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.