EN

Gümüş Qələmin Qızıl Sətirləri

ain.az bildirir, Gununsesi portalına istinadən.

Sənətkarın mükəmməl ustalıqla düzəltdiyi qələm məxsusi olaraq Səfərəli bəy üçün hazırlanmışdı.

Hal-hazırda Azərbaycan Tarixi muzeyində qiymətli eksponatlardan biri kimi qorunur. Üzərində “1893” “Səfərəli” yazılan bu gümüş qələm böyük pedaqoq Səfərəli vəy Vəlibəyovun qızı tərəfindən 1971-ci ildə muzeyə bağışlanılmışdır. Kim bilir, bəlkə də qələmi məxsusi olaraq Səfərəli bəyə hədiyyə edən onun ziya nurundan işıq alan yüzlərlə şagirdlərindən biri imiş.

Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov cəmi 41 illik həyat yolunda elə bir cığır açdı ki, həmin cığıra ayaq basanlar özləri sonrakı onilliklərdə cığrdaşlıq etməyə müvəffəq oldular. Vəlibəyovun həyatı çoxsaylı ilklər imzası ilə seçilir. Belə ki o, Qori müəllimlər seminariyasını bitirən ilk azərbaycanlılardan biri, Azərbacan dili dərsliyi tərtib edən ilk azərbaycanlı, orta əsrlər ədəbiyyat tariximizə dair ensiklopedik səciyyəli məlumatlar toplusu tərdib edən ilk azərbaycanlı ensiklopediyaçı kimi bir çox ilklərə imza atmışdır. Səfərəli bəy 1861-ci ildə Şuşada dünyaya göz açmış, 1875-1879-cı illərdə elə Şuşada da ibtidai təsil almışdır. 1879- cı ildə daxil olduğu Qori seminariyasını 1881-ci ildə bitirərək elə həmin təhsil ocağında çalışmağa başlayan gənc Səfərəli bəy həyatının 18 ilini, yəni ömrünün sonuna qədər pedaqoji fəaliyyət göstərmişdir. Seminariyanın Azərbaycan bölməsinin bağlanması cəhdinə etiraz etdiyinə görə bu təhsil müəsissəsindən uzaqlaşdırılan Vəlibəyov təhsil sahəsində çar Rusiyasının ayrı-seçkiliyinə məruz qalan ilk azərbaycanlı kimi də tarixə düşmüşdür. O, XIX əsr pedaqoji fikir tariximizin parlaq siması olaraq misilsiz fədakarlıqla maarifçilik ideyalarının təbliği ilə məşğul idi. Yazdığı dərsliklər uzun illər məktəblərimizdə əvəzsiz vəsait kimi əl-əl gəzmişdir. Ərəb, fars, rus, gürcü dillərini mükəmməl bilən Səfərəli bəyin etdiyi tərcümə mətnləri də Azərbaycan məktəbinə gözəl töhfə idi.

Qori seminariyasından 1896- cı ildə uzaqlaşdırılan Səfərəli müəllim Bakıda pedaqoji fəaliyyətini davam etdirir. O, həm də ədəbi yaradıcılığı ilə mənsub olduğu xalqının maariflənməsinə xidmət göstərmişdir.

Onun 41 illik həyat yolu 1902-ci ilin 31 avqustunda cismən Şuşada başa çatsa da çiçəklənən arzularında ruhu əbədiyyət qazandı. Vaxtı ilə düşüncəsindən bu gümüş qələmin perosuna süzülən fikirlərinin işığı bu gün də bərq vurur. Azərbaycan təhsilinin ilk sətirlərini yazan qələm Səfərəli bəy Vəlibəyov əlindən bütün gələcək nəsillərə qızılı çalarda mayak şöləsi saçıb. Təhsilimizin o qızıl sətirləri həm də özül funksiyası daşıyır.

Pərviz Yəhyalı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
16
icma.az

10Sources