AZ

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

Tədbirdə Akademiyanın professor və müəllim heyəti ilə yanaşı dövlət və ictimai xadimlər iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himnimiz səsləndirilib.

Akademiyanın Birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin təbriklərini məzunlara çatdırıb. Qeyd edib ki, MAA-da yaradılan şərait tələbələrin elmi-təcrübi biliklər qazanmasında mühüm rol oynayır. Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov isə təhsil sahəsindəki islahatlardan, o cümlədən Akademiyanın Azərbaycan təhsilinə, aviasiya elminə verdiyi töhfələrdən danışıb.

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov gənclər siyasətində təhsilin xüsusi rolunu vurğulayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanda yaranmış sabitlik və iqtisadi yüksəliş, təhsil sektorunun inkişafına da öz təsirini göstərir.

MAA-nın məzunu olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev təhsil ocağı ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, burada əldə etdiyi mükəmməl təhsil onun əmək fəaliyyətində də uğurlara yol açıb.

Rektor köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova məzunlara karyeralarında və əmək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra yüksək akademik nəticələr əldə etmiş məzun və tələbələrə fərqlənmə diplomları və sertifikatlar təqdim edilib. Qeyd edək ki, 2024-2025-ci tədris ilində MAA-nı 451 bakalavr, 53 magistr olmaqla ümumilikdə 504 məzun bitirib. Tədbir konsert proqramı ilə davam edib.

Seçilən
13
50
xalqqazeti.az

10Mənbələr