AZ

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

Milli Aviasiya Akademiyasında (MAA) 2024-2025-ci tədris ilində bakalavr və magistratura səviyyələrində təhsillərini başa vurmuş tələbələr üçün “Məzun günü” keçirilib.

Bu barədə AZƏRTAC-a Akademiyadan məlumat verilib. Bildirilib ki, tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Akademiyanın birinci prorektoru professor Ədalət Səmədov MAA-nın rektoru akademik Arif Paşayevin təbriklərini məzunlara çatdırıb. Qeyd edib ki, MAA-da yaradılan şərait tələbələrin elmi-təcrübi biliklər qazanmasında mühüm rol oynayır.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə təhsil sahəsindəki islahatlardan, o cümlədən Akademiyanın Azərbaycan təhsilinə, aviasiya elminə verdiyi töhfələrdən danışıb.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov gənclər siyasətində təhsilin xüsusi rolundan bəhs edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanda yaranmış sabitlik və iqtisadi yüksəlişin təhsil sektorunun inkişafına da öz təsirini göstərdiyini diqqətə çatdırıb.

MAA-nın məzunu olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev təhsil ocağı ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, burada əldə etdiyi mükəmməl təhsil onun əmək fəaliyyətində də uğurlara yol açıb.

Rektorun köməkçisi iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova məzunlara karyeralarında və əmək fəaliyyətində uğurlar arzulayıb.

Sonra yüksək akademik nəticələr əldə etmiş məzun və tələbələrə fərqlənmə diplomları, sertifikatlar təqdim edilib.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində MAA-nı 451 bakalavr, 53 magistr olmaqla ümumilikdə 504 məzun bitirib. Tədbir konsert proqramı ilə davam edib.

Seçilən
23
50
azertag.az

10Mənbələr