EN

"Azərbaycan nə Ukraynadır, nə də Ukraynanın getdiyi yolla gedir":Rusiya ilə münasibətlərdə dönüş nöqtəsi- ÖZƏL

" Azərbaycanın Rusiyaya qarşı bu günə qədər heç bir neqativ davranışı olmayıb. Əksinə, rəsmi Bakı hər zaman Rusiya faktorunu nəzərə alıb, paralel olaraq daim Rusiyaya dost və etibarlı tərəfdaş mövqeyi ilə çıxış edib. İndiyə qədər Rusiya əleyhinə təşkil olunmuş heç bir koalisiyaya və ya sanksiyaya qoşulmayıb. Bu,  Azərbaycanın etibarlılığının göstəricisidir". 

Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Rusiya, səbəbsiz şəkildə, Azərbaycan əleyhinə siyasi xətt yürütməyə başlayıb:

" Azərbaycanın bu mövqeyinə əsasən Rusiya buna qarşılıq olaraq nə edir? Rusiya, faktiki olaraq, heç bir əsas olmadan Azərbaycana qarşı destruktiv mövqe sərgiləməyə başlayıb. Xüsusən də Yekaterinburqda baş verən hadisələr bu baxımdan kifayət qədər ciddi faktlardır. Onsuz da AZAL təyyarəsinin vurulmasından sonra iki ölkə arasında gərginlik var idi. Rusiya bu gərginliyi aradan qaldırmaq əvəzinə, daha da irəli gedərək bu ölkədə yaşayan soydaşlarımıza qarşı təzyiqlər etməyə başladı. Halbuki   Azərbaycan Ermənistanın Rusiyaya etdiyi xəyanətin heç birini etməyib. Ümumiyyətlə, Azərbaycanın bu cür davranışlarına dair konkret bir nümunə yoxdur.
Rusiya, səbəbsiz şəkildə, Azərbaycan əleyhinə siyasi xətt yürütməyə başlayıb. Amma təcrübə göstərir ki, Azərbaycanın bu cür tonla danışmasının Rusiya üçün bir əhəmiyyəti yoxdur. Rusiyada Azərbaycan saytlarını bloklayıblarsa, bloklaya bilərlər. Prinsipcə, bizim hədəf auditoriyamız təkcə Rusiya deyil. Onsuz da təcrübə göstərir ki, informasiya əldə etmək istəyən insanlar bunu müxtəlif texnoloji vasitələrlə - məsələn, VPN-lərlə həyata keçirə bilirlər. Bu halda da giriş təmin olunur. Texniki imkanlar buna şərait yaradır.
Amma burada əsas məsələ  zədələnmiş etibar və sarsılmış qorxu hökmdarlığıdır. Faktiki olaraq Rusiyaya təsir edən budur: artıq çəkinən və ya hansısa məsələdə ehtiyat edən bir Azərbaycan yoxdur. Rəsmi Bakı Rusiyanın ölkəmizdəki "beşinci kolon"unu da zərərsizləşdirib. Əlavə olaraq da,  Rusiya ilə bağlı Qarabağ məsələsini də həll etmişik. Sülhməramlılar ərazimizdən çıxıblar. Separatçı fəaliyyətlərin qarşısı da alınıb. İndi sual budur: Rusiya Azərbaycanın bu mövqeyinə qarşı nə edə bilər? Məncə, qoşun yığıb müharibə hədəsi verməkdən başqa heç nə edə bilməz. Qaldı ki, bunu da etməyə cəsarət etməz. Çünki faktiki olaraq Azərbaycanın müttəfiqləri var və beynəlxalq hüquq da buna yol verməz. Azərbaycan nə Ukraynadır, nə də Ukraynanın getdiyi yolla gedir.
Amma onu da deyək ki, Rusiyaya qarşı bizim mövqeyimiz artıq kifayət qədər açıqdır. Bizimlə bu cür hədə - qorxu dili ilə danışan bir ölkə ilə dostluq etmək niyyətimiz yoxdur. Artıq münasibətlərin mahiyyəti kökündən dəyişib. Bu, iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsidir.
Bundan sonra münasibətlər normallaşa bilərmi? Bunu zaman göstərəcək. Amma bir məsələ aydındır: etimad mühiti bir daha bərpa olunmayacaq. Azərbaycan hər zaman Rusiyaya qarşı bu mövqeyini saxlayacaq. Çünki artıq Bakının Rusiyaya qarşı etibar hissi qalmayıb" .

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
50
olaylar.az

10Sources