AZ

Nə Putin, nə də Kreml rəsmi Bakıdan belə cavab gözləyirdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Kremlin təbliğat maşını nəinki mediada, sosial şəbəkələrdə də tam gücü ilə fəaliyyətini davam etdirir.

Təəssüflər olsun ki, Kremldən ötürülən tezisləri azərbaycanlılar da tirajlayırlar. Bəziləri bunu bilərəkdən, bəziləri isə bilməyərəkdən edirlər.

Yekaterinburqda baş verən faciəli hadisə və OMON tərəfindən saxlanılan iki azərbaycanlının güc strukturları tərəfindən qətlə yetirilməsi bir daha rəsmi Bakını Moskva ilə münasibətlərinə aydınlıq gətirməyə məcbur etdi. İllərdir Rusiyada milli mənsubiyyətinə görə postsovet ölkələrinin vətəndaşları Kreml tərəfindən təqiblərə və təzyiqlərə məruz qalıb.

Rusiya əvvəllər NATO, ABŞ, Qərb ilə düşmənçilik siyasəti aparırdısa, bu gün onların siyahısına qanı, dili, dini bir Ukrayna da daxil olub. Ukrayna ilə müharibə göz qabağındadır. Üç günə Kiyevi əldə edəcək, şanlı rus ordusunu gül-çiçəklə qarşılayacaq Ukrayna xalqı, onları gözlənilməz milli ruh və müqavimətlə qarşıladı. Daha sonra "qarşılama mərasimi"nə "Javelin", "HIMARS", "Stinger" və s. ABŞ silahları qoşuldu. Təəssüflər olsun ki, Ukraynanın ayaqda qalma və suverenliyini qoruma mücadiləsində yarım milyona yaxın adamın öldüyü deyilir. Qeyd edim ki, bu təqribi rəqəmdir. Nə Ukrayna, nə də Rusiya tərəfi dəqiq rəqəm təqdim edir. Xarici kəşfiyyatın verdiyi məlumata əsasən hər iki tərəfdən təqribən bir milyon insanın öldüyü qeyd olunur.

Bu itkilər qarşısında dünyanın II güclü ordusunun müharibə bataqlığında illərdir çabalaması isə artıq gizlədiləcək məqam deyil. Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı yekun müzakirələr aparılması da onu deyir ki, Rusiyanın iqtisadi cəhətdən manevr imkanları getdikcə məhdudlaşdırılır. Bəli, iqtisadi çöküş bir günə baş verməyəcək, lakin proses işə düşüb.

Təbii ki, elektorat gec-tez dövlətdən hesabat tələb edəcək.

Bu zaman ortaya isə çıxıb deyəcəklər ki, Rusiyanın yeni düşməni daxildədir və bunlar miqrantlardır. Onlar ölkəni tərk etsələr, Rusiyada qoyun-qurdla bir yerdə otlayacaq.

Bu istiqamətdə də Kremlin təbliğat maşını aşağıdakı tezisləri sosial şəbəkə, "Telegram" kanallar və KİV-də dövriyyəyə buraxır:

"Azərbaycan da Ukraynanın etdiyi səhvi edir", - bu tezis Azərbaycanı müharibə və işğal ilə təhdid məqsədini daşıyır.

"Bütün azərbaycanlılar deport olunmalıdır", - bu tezis milli mənsubiyyətinə görə insanların təqib olunmasını müəyyən edir.

"Niyə azərbaycanlılar Rusiya yaşayır?"- bu tezis hədə-qorxu müəyyən edir.

"Azərbaycanda iş olsaydı adamlar Rusiyaya getməzdilər", - bu tezis isə baş verənlərə qarşı rəsmi Bakıya daxildən təsir etmək, təxribatçılıq xarakteri daşıyır.

Ukrayna müharibəsi ilə rəsmi Bakını qorxutmaq yüngülcə desək ağlabatan deyil. Ən azı Azərbaycanın Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi mövcuddur ki, mütləq ki, bu barədə Kremlin xəbəri var.

Bütün azərbaycanlıların deportasiya olunması isə ilk növbədə beynəlxalq qaydalara ziddir. Belə ki, kütləvi cəzaların qadağan edilməsi Haaqa Sazişində, Üçüncü və Dördüncü Cenevrə Konvensiyalarında əks olunub. Bu addım elə Rusiya Federasiyasının qanunvericiliyinə ziddir. Çünki bir nəfərin deportasiyası yalnız miqrasiya qanunvericiliyinin pozulması, cinayət törətməsi və ya Rusiya Federasiyası üçün təhlükə yaratdığı hallarda mümkündür. Ən vacibi isə azərbaycanlılar Rusiyada ən müxtəlif sosial təbəqədə çalışırlar. Hər biri də Rusiya iqtisadiyyatına vergi ödəyir. Kimsə milyonlarla, kimsə yüzlərlə.

Bu sadəcə icrası mümkün olmayan bir blefdir.

Növbəti tezis - niyə azərbaycanlılar Rusiyada yaşayırlar? Əvvəla ondan başlayaq ki, hər bir kəsin dünyanın istənilən ölkəsində yaşaya bilmək, təhsil, müalicə, istirahət etmək hüququ var. Təbii ki, həmin ölkənin miqrasiya qanunları çərçivəsində. Onu da nəzərə almalıyıq ki, Rusiyada təhsil almaq periferiya ölkələri üçün hər zaman cəzbedici olub. Çar Rusiyası dövründən bu imkan elitar dairələr üçün mümkün olsa da, daha sonra sovet dövründə böyük əksəriyyət üçün əlçatan oldu. Moskva və Sankt-Peterburqun ali məktəblərində təhsil alanların bəzilərinin elə orada qalması da normaldır. Bu, həm də Rusiyada daha savadlı, geniş imkanlara malik olan Azərbaycan diasporunun yaranması üçün də əlverişlidir. Sovet dövründə elitar Azərbaycan diasporunun yaranması üçün Heydər Əliyev çox çalışırdı. Ali məktəblərdə azərbaycanlılar üçün daha çox yer ayrılması, həmçinin Rusiyada onların işlə təmin olunması üçün çalışırdı. Çünki gələcəkdə, məhz milli kadrların Rusiyanın müxtəlif sahələrində çalışaraq, lazım olan zamanda Azərbaycana və azərbaycanlılara dəstək verəcəyi konsepsiyasını qurmuşdu.

Ən azında biz Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun timsalında bu inkişafı gördük. Deməli düzgün strategiya olanda bir azərbaycanlı Rusiyada mövqe tuta bilər. Mədəniyyət sahəsində xeyli sayda bu kimi nümunələr sadalaya bilərik, lakin bu, indiki mövzumuz deyil. Bu, sadəcə bir nümunə idi.

Deməli azərbaycanlılar Rusiyada yaşamalı və daha güclü diaspora malik olmalıdırlar. Bu, geosiyasətin bir parçasıdır.

"Azərbaycanda iş olsaydı adamlar Rusiyaya getməzdi" tezisi isə sadəcə olaraq təxribat xarakteri daşıyır. Gəlin məsələyə obyektiv və subyektiv tərəfdən yanaşaq.

İnsanların Rusiyaya miqrasiyasının səbəbləri çoxşaxəlidir və bunu yalnız iqtisadi amillərlə izah etmək doğru olmaz. Azərbaycan vətəndaşlarının orada yaşaması həm əmək bazarının tələbləri, həm təhsil imkanları, həm də tarixi-mədəni əlaqələr fonunda baş verir. Yəni bir vaxtlar ora köç etmiş babanın nəvələri artıq bizneslə məşğuldurlar. O adam niyə və necə illərlə əldə etdiyini qoyub, Azərbaycana dönsün? Azərbaycanın bəzi bölgələrində iş imkanları məhdud ola bilər. İnsanlar daim geniş imkanlar axtarışındadılar. Ona görə insanların daha yaxşı işdə çalışmaq üçün istər paytaxta, istərsə də ölkə xaricinə üz tutması onun təbii haqqıdır.

Subyektiv aspektdə isə dil baryerinin daha aşağı olması, sovet dövründən qalan pis-yaxşı əlaqələrin olması, sosial mühitin bir-birinə daha yaxın olması Rusiyanı azərbaycanlılar üçün daha uyğun edir. Almaniya, İngiltərə və s. ölkələrə miqrasiya etmək orta statistik azərbaycanlıdan ən azı dil bilikləri və ixtisas tələb edir.

Bu an üçün iki ölkə arasında diplomatik münasibətlər gərgin olaraq qalır. Lakin bu o demək deyil ki, rəsmi Bakı Rusiyada öldürülən, milli mənsubiyyətinə görə təqib olunan azərbaycanlılara görə addım atmayacaq. Görünən odur ki, Kreml rəsmi Bakıdan belə cavab gözləmirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
50
oxu.az

10Mənbələr