EN

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mikayıllı kənd sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sarıqamış kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Mikayıllı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasət, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına hesablanıb” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədi xalqın rifah halını yaxşılaşdırmaq, hər bir vətəndaşın sosial təminatını gücləndirmək və layiqli yaşayışını təmin etməkdir. Son illər ərzində əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin davamlı şəkildə artırılması, mənzillə təmin olunan şəhid ailələri və qazilər, aztəminatlı ailələrə göstərilən dövlət qayğısı bunu açıq şəkildə sübut etməsi haqqında məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü dövlət siyasətinin əsas mahiyyəti vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi və hər bir Azərbaycan vətəndaşının layiqli həyat şəraitinin təmin olunmasıdır. Bu siyasət uzunmüddətli və davamlı şəkildə aparılır və ölkənin bütün regionlarında olduğu kimi, Neftçala rayonunda da konkret nəticələr verir. Son illər ərzində rayonda sosial infrastrukturun yenilənməsi, yeni məktəblərin tikilməsi, aztəminatlı ailələrə, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən qayğı, sosial rifahın artırılması istiqamətində atılan mühüm addımlardandır. Prezidentimizin tapşırığına uyğun olaraq, Neftçala rayonunda da məşğulluq səviyyəsinin artırılması, vətəndaşların sosial problemlərinin operativ həlli, ünvanlı sosial yardımın əlçatanlığı daim diqqət mərkəzində saxlanılır.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib. Səyyar qəbul zamanı vətəndaşlar, kənddaxili yolların təmiri, içməli su ilə əlaqədar yaranan çətinlik, kənd ərazisində tibb məntəqəsinin açılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Chosen
50
40
unikal.az

10Sources