EN

Moskva və Bakının "nota müharibəsi"...

Ötən gün Rusiya dövlətinin diplomatiya tarixində bir ilk yaşandı. Belə ki, 1 iyul tarixində Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilməsi" və nota təqdim edilməsi məqsədilə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı.

Lakin Rusiya XİN-ə gələn səfir Rəhman Mustafayev Sergey Lavrovun diplomatlarını qabaqlayaraq, öncə Yekaterinburqda soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notasını qarşı tərəfə təqdim edib.

Azərbaycan səfirinin qabaqlayıcı addımı rusiyalı diplomatları sözün əsl mənasında şoka salıb. Çünki özünü neoimperiya və super güc kimi aparan Rusiya Federasiyasının xarici siyasət idarəsi keçmiş sovet respublikaları tərəfindən bu cür cəsarətli və ötkəm addımların atılması hallarına rast gəlməyib.

Azərbaycanın əks tərəfin nota addımını qabaqlayıcı nota ilə neytrallaşdırması postsovet ölkələrinin diplomatiya tarixində həqiqətən də bir ilk sayıla bilər.

Bəs, səfirimizin təqdim etdiyi notada hansı məqamlar öz əksini tapıb?

Notada Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib. Həmçinin, hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib.

Eləcə də Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib.

Daha sonra, notada Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub.

Eyni zamanda, səfir R.Mustafayev “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən cinayət-axtarış tədbirləri və saxlanılan FTX agentləri ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Bir sözlə, həm notada, həm də Azərbaycan səfiri Rəhman Mustafayevlə Rusiya XİN-də təxminən 1 saat çəkən görüş-müzakirə zamanı qarşı tərəfin diqqətinə çatdırılıb ki, Azərbaycanın daxili işlərinə qarışmayın!

Öz növbəsində Rusiya tərəfi də “Sputnik-Azərbaycan”ın ofisində keçirilən əməliyyatı zamanı saxlanılan Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentlərinin (rəsmi Moskva onların jurnalist olduğunu iddia edir) "dərhal azad edilməsi tələbi ilə" Azərbaycan səfirinə şifahi nota təqdim edib.

Hər iki tərəfin bu cür qarşılıqlı sərt gedişləri sözsüz ki, Bakı-Moskva xəttində münasibətlərin son dərəcə gərgin olduğunu və yeni mərhələyə keçdiyini göstərir.

Lakin rəsmi Moskva hücumlarını, təhdidlərini dayandırmaq istəmir. Əksinə, Yekatrinburqdakı diaspora rəhbərimiz Şahin Şıxlinskini və azərbaycanlı iş adamlarını həbs etməklə Putin Rusiyası demarş edir, Azərbaycana qarşı yeni həmləyə imza atır.

Bu arada "BBC News"-un Rusiya xidməti "Azərbaycan-Rusiya qarşıdurması nə ilə nəticələnəcək?" sualını şərh etməyə çalışaraq bir sıra versiyalar irəli sürüb.

İlk növbədə görünən budur ki, Rusiya Azərbaycanı ram etməyə, qorxutmağa, özünün vassalına çevirməyə, təsir dairəsinə salmağa çalışır. Lakin Putin unudur ki, Azərbaycan Belarus deyil, Tacikistan deyil. Azərbaycan postsovet məkanının ən suveren ölkəsidir.

Rusiya hazırda Azərbaycana qarşı çox ciddi səhvlərə yol verir. Putin reallıq hissini itirib. Moskva ilə Bakı arasında sonuncu körpülər də Putinin günahı üzündən tamamilə yandırılmaqdadır.

P.S.

Tanrı hər hansı bəndəsini cəzalandırmaq istəyəndə, öncə onun ağlını əlindən alır. Hazırda Putin də ağlını itirmiş adam təəssüratı bağışlayır.

Bəybala Mirzəyev

 

Chosen
38
50
herbiand.az

10Sources