EN

Deputat: Yekaterinburq hadisələri Rusiyada diskriminasiyanın, milli ayrı-seçkiliyin bariz nümunələridir

Bakı, 2 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə bu gün ölkəmiz müstəqil, milli maraqlarımıza əsaslanan xarici siyasət kursunu uğurla həyata keçirir. Xalqımızın iradəsinə söykənən bu siyasət beynəlxalq hüququn normalarına uyğun olaraq, qarşılıqlı hörmət prinsipləri əsasında mehriban qonşuluğu və regional əməkdaşlığı təşviq edir. Azərbaycan heç bir xarici gücün diktəsi ilə siyasət yürütmür və ölkəmizlə ultimatum dilində münasibətlərin qurulması mümkün deyil. Azərbaycan dövlətinin strateji qərarları yalnız daxili siyasi iradə əsasında formalaşır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

“Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə müstəqil aktor kimi çıxış etməsinə, regional və qlobal təşəbbüslərdə fəal rol oynamasına, eləcə də sülh, təhlükəsizlik və əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasına şərait yaradır. Bu bir reallıqdır ki, bu gün dünyanın bütün bölgələrində yaşayan soydaşlarımız qüdrətli Azərbaycan dövləti ilə qürur duyur”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Azərbaycan dövlətinin də bütün soydaşlarımızın hüquqlarının qorunması məsələsini daim diqqətdə saxladığını söyləyən deputat qeyd edib ki, son zamanlar Rusiyada həmvətənlərimizə qarşı baş verən hadisələrlə bağlı dövlətimizin tutduğu qəti mövqe bunun əyani təzahürüdür.

M.Qasımlı, həmçinin deyib: “Yekaterinburq şəhərində baş verən hadisələr, soydaşlarımızın qətlə yetirilməsi, təzyiqlərə məruz qalmaları Rusiyada şovinizmin, diskriminasiyanın, milli ayrı-seçkiliyin bariz nümunələridir. Təbii ki, həmvətənlərimizə qarşı bu cür davranışlar, tətbiq olunan işgəncələr Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olur. Eyni zamanda, ötən ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus mülki təyyarənin vurulması ilə bağlı Rusiyanın hərəkətsizliyi heç cür qəbul oluna bilməz. Bütün bu məsələlərlə bağlı beynəlxalq hüquqa uyğun tədbirlərin görülməsi olduqca zəruridir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan sözügedən məsələlərlə əlaqədar beynəlxalq müstəvidə ədalətli həllin əldə edilməsinə, günahkarların hüquqi normalara uyğun şəkildə cəzalandırılmasına nail olacaq”.

Chosen
37
50
azertag.az

10Sources