Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü olub.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha da dərinləşməsi, beynəlxalq müstəvidə dövlətlərin milli maraqları qorunmaqla vahid mövqedən çıxış etməsi üçün önəmli bazisə çevrilməkdədir:
"Ötən il fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın xarici siyasət kursunun prioritetləri barədə danışarkən bizim ailəmizin Türk dünyası olduğunu bəyan etmişdi. Bu mənada, Özbəkistan Prezidentinin Azərbaycana səfəri fonunda Bakı-Daşkənd əlaqələrinin inkişaf perspektivlərindən danışarkən ilk növbədə məhz Azərbaycanın yeni dövrdə xarici siyasət kursunun prioritetlərinə əsaslanmaq doğru olar. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan və Özbəkistan arasında münasibətlər gərgin bir period keçsə də, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə münasibətlərimiz özünün inkişaf yoluna qədəm qoymuş, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm cənab Prezident isə Daşkəndlə münasibətlərimizin tam yeni mərhələyə çıxarılmasına nail olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirləri ilə Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməsinin ardınca bu bölgədə quruculuq-bərpa prosesinə ilk dəstək verən ölkə məhz Özbəkistan olub. Azərbaycanın işğaldan azad olunmuş bölgələrində infrastruktur layihələrinin həyata keçirilməsi bu gün də qardaş dövlətin Prezidenti Şavkat Mirziyoyevin diqqətindədir və Mirzə Uluqbəy adına məktəbin istifadəyə verilməsinin ardınca Xankəndidəki tikiş fabrikinin yaradılması Daşkəndin Azərbaycana dost və qardaş münasibətinin göstəricisi kimi səciyyələndirilə bilər. Bildiyiniz kimi, proseslərin bu məcrada inkişafı ötən il Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik haqqında Bəyannamənin imzalanması ilə nəticələnmişdi. Sevindirici məqam ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan strateji müttəfiqlik münasibətlərini yalnız siyasi səviyyədə saxlamamış, ötən dövr ərzində həyata keçirilən birgə iqtisadi layihələr, ölkələrimiz arasında ticarət dövriyyəsində önəmli artım, qarşılıqlı investisiya qoyuluşu hər iki dövlət üçün önəmli perspektivlər vəd edir. Qeyd olunan amillər, Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha da dərinləşməsi, beynəlxalq müstəvidə dövlətlərin milli maraqları qorunmaqla vahid mövqedən çıxış etməsi üçün önəmli bazisə çevrilməkdədir. Qeyd olunanlar fonunda Özbəkistan Prezidentinin Azərbaycana səfəri və dövlət başçılarının dostluq, tərəfdaşlıq, birgə fəaliyyətdə qətiyyət ifadə edən bəyanatları əlaqələrimizin bundan sonrakı inkişaf trayektoriyasının kifayət qədər aydın yol xətirəsinə malik olduğunu göstərməkdədir".