EN

Tramp Suriyaya qarşı sanksiyaların əksəriyyətini ləğv etdi -DƏMƏŞQDƏN REAKSİYA

ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılması haqqında sərəncam imzalayıb.

 

Senzor.az bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

“Suriyaya qarşı sanksiyalar ləğv edilir, lakin Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara, kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır”, - sərəncamda deyilir.

 

Bundan əlavə, sərəncamda ABŞ-ın Suriyaya qarşı sanksiyaların yumşaldılması məsələsini BMT səviyyəsində öyrənməsi nəzərdə tutulur.

 

Öz növbəsində, CBS telekanalı bildirir ki, sanksiyaların bir hissəsinin ləğvi ABŞ Konqresi tərəfindən təsdiqlənməli olacaq.

 

Qeyd olunur ki, ABŞ-ın Suriyaya qarşı hələ 1979-cu ildə, Vaşinqton bu ölkəni terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edən zaman tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri davam etdirir.

 

...Bu arada Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani deyib ki, Dəməşq ABŞ tərəfindən sanksiyaların əksəriyyətinin ləğvini alqışlayır və bunu ölkənin bərpası istiqamətində mühüm addım hesab edir.

 

“Biz Prezident Donald Trampın tarixi fərmanına uyğun olaraq Suriya Ərəb Respublikasına qarşı tətbiq edilən sanksiyalar rejiminin əhəmiyyətli hissəsinin götürülməsini alqışlayırıq”, - Şibani “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Nazirin sözlərinə görə, bu qərar Dəməşqlə beynəlxalq ictimaiyyət arasında münasibətlərdə mühüm mərhələ olmaqla yanaşı, həm də ölkənin iqtisadiyyatının bərpası üçün möhkəm zəmin yaradır.

Chosen
3
6
senzor.az

10Sources