Ukrayna, Misir, Yunanıstan və İordaniyanın xarici işlər nazirlikləri (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına təbriklərini ünvanlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, müvafiq təbriklər "X" sosial şəbəkəsində paylaşılıb.
Misir XİN Azərbaycanı səmimi qəlbdən təbrik edib, iki ölkə arasında dostluğun və əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini ifadə edib.
"Misir Müstəqillik Günü münasibətilə dost Azərbaycan Respublikasının hökumətinə və xalqına səmimi təbriklərini bildirir və ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir", - bəyanatda deyilir.
Yunanıstan XİN də Azərbaycanı milli bayram münasibətilə təbrik edib: "Müstəqillik Gününüz mübarək, Azərbaycan!".
İordaniya XİN qeyd edib: "Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edirik".
Ukrayna XİN Azərbaycanı "etibarlı dost və strateji tərəfdaş" adlandırıb.
"Etibarlı dostumuz və strateji tərəfdaşımız Azərbaycana ölkənin Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi bildiririk! Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, həmçinin ölkəmizə göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizin və bütün sahələrdə əməkdaşlığımızın çox müsbət dinamikasının davam etməsinə ümid edirik", - məlumatda bildirilib.