AZ

Erlinq Haland Premyer Liqada bunu 3-cü dəfə bacardı – ARENA.AZ

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland növbəti dəfə adını futbol üzrə İngiltərə Premyer Liqasının tarixinə yazdırıb.

Arena.az xəbər verir ki, norveçli futbolçu İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bombardiri olub.

Haland artıq geridə qalmış mövsümdə çempionat çərçivəsində meydana çıxdığı 35 oyunda 27 qol vurub, 8 məhsuldar ötürmə edib.

Beləliklə, Haland son 4 ildə üçüncü dəfə Premyer Liqanın “Qızıl buts” mükafatını qazanıb. O, daha əvvəl 2022/2023 və 2023/2024 mövsümlərində də bu ada layiq görülmüşdü.

Bombardirlər yarışında Haland “Brentford”un braziliyalı hücumçusu İqor Tyaqo (22 qol) və komanda yoldaşı Antoni Semenyonu (17 qol) qabaqlayıb.

Xatırladaq ki, ötən mövsümün ən məhsuldar futbolçusu 29 qolla “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah olmuşdu.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 52 oyuna çıxıb, 38 qol vurub, 9 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 198 oyun, 162 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Federasiya Kubokunun (2 dəfə), İngiltərə Liqa Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 49 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
8
arena.az

10Mənbələr