Fransanın “Lill” komandasına rəhbərlik edən Bruno Jenezio 2025/2026-cı illər mövsümünün başa çatması ilə baş məşqçi vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Maraqlıdır ki, “Lill” Jenezionun rəhbərliyi altında Liqa 1-in 2025/2026-cı illər mövsümündə 61 xal toplayaraq turnir cədvəlində üçüncü yeri tutub. Bu uğurlu nəticə sayəsində komanda növbəti mövsüm üçün UEFA Çempionlar Liqasında iştirak hüququnu təmin edib. Amma fransalı məşqçi daha ciddi təkliflər aldığı üçün postundan ayrılmağa qərar verib. Belə ki, onun Marsel “Olimpik”ini və ya “Nitsa”nı çalışdırması gözlənilir. “Lill”in yeni baş məşqçisinin kim olacağı isə hələ məlum deyil.
Xatırladaq ki, Jenezio ölkəsində 2025-ci ilin ən yaxşı fransalı məşqçisi seçilmişdi.
Bruno Jenezio 2024-cü ilin yayından “Lill”ə rəhbərlik edirdi. 59 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 99 oyuna çıxarıb, 50 qələbə, 19 heç-heçə, 30 məğlubiyyət görüb.
Jenezio məşqçilik karyerası ərzində “Vilfranş”, “Rasinq” (Bezanson), “Olimpik” (Lion), “Beytsin Qoan”, “Renn” kimi klublarda da baş məşqçi kimi çalışıb.
