AZ

“Binokl diplomatiyası” və Qafqazda dəyişən reallıq

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan ilə Ermənistan arasında postmüharibə dövründə formalaşan sülh gündəminin əsas təşəbbüskarı və real təminatçısı kimi məhz Bakı çıxış edir.

Ermənistan paralel şəkildə müxtəlif beynəlxalq seminarlar, platformalar və siyasi mesajlar vasitəsilə fərqli görüntü formalaşdırmağa çalışır. Əgər tərəflər ən yüksək səviyyədə sülh niyyətini bəyan edir və danışıqlar prosesi davam edirsə, bu halda Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının hansı məqsədə xidmət etdiyi ilə bağlı suallar daha da aktuallaşır. Xüsusilə missiyanın əsas siyasi dəstəkçilərindən biri olan Fransanın illərdir regionda neytral vasitəçi deyil, daha çox birtərəfli mövqe nümayiş etdirən aktor kimi qiymətləndirilməsi “binokl diplomatiyası” ilə bağlı səslənən fikirləri də gücləndirir.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq erməni silahlı qüvvələrinin öz torpaqlarından tamamilə çıxarılmasına nail olsa da, müharibədən sonra ilk sülh təşəbbüsü ilə çıxış edən tərəf yenə də Bakı olub.

Deputat deyib ki, Azərbaycan Prezidenti Ilham Əliyev bütün beynəlxalq platformalarda dəfələrlə bəyan edib ki, Ermənistanın bir qarış torpağında belə Azərbaycanın gözü yoxdur və regionda davamlı sülhün formalaşması həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, rəsmi Bakı postmüharibə mərhələsində əməkdaşlıq, kommunikasiyaların açılması və qonşuluq münasibətlərinin qurulmasını əsas prioritetlərdən biri kimi təqdim etsə də, Ermənistanın daxili və xarici siyasi asılılıqları prosesin daha sürətli irəliləməsinə mane olur.

Deputat vurğulayıb ki, Ermənistan bu gün bir tərəfdən Qərb, Avropa İttifaqı və Rusiya arasında balans siyasəti aparmağa çalışır, o biri tərəfdən isə daxildəki revanşist qüvvələrin, xaricdəki erməni diasporunun və müxtəlif siyasi təsir mərkəzlərinin təzyiqi altında qalır.

Deputatın fikrincə, baş nazir Nikol Paşinyan müəyyən qədər sülh gündəmini davam etdirməyə çalışsa da, həm daxildəki müxalifətin, həm də xarici təsir dairələrinin ciddi basqısı ilə üz-üzədir. Məhz bu səbəbdən Ermənistan rəhbərliyi heç bir böyük güc mərkəzi ilə münasibətləri kəskin şəkildə pozmaq istəmir və paralel olaraq həm Avropa İttifaqı missiyasından, həm Qərb platformalarından, həm də Rusiya faktorundan istifadə etməyə çalışır.

“Ermənistanda Avropa İttifaqı missiyasının fəaliyyət göstərməsi, müxtəlif ekspert qruplarının yerləşdirilməsi də bu siyasi balans siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Çünki İrəvan bu mexanizmləri daha çox öz təhlükəsizlik və siyasi dayaqlarını genişləndirmək vasitəsi kimi görür. Bununla yanaşı, Ermənistan rəhbərliyi anlayır ki, regionda uzunmüddətli sabitlik və iqtisadi inkişaf yalnız Azərbaycanla münasibətlərin normallaşmasından keçir”, – deyə deputat bildirib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası idi.

Prezident Ilham Əliyevin müharibədən sonrakı mərhələdə sülhə, regional əməkdaşlığa və yeni siyasi münasibətlər sisteminin formalaşdırılmasına verdiyi önəm Azərbaycanın gələcək strateji xəttini açıq şəkildə ortaya qoyur. Bu siyasət həm regionun siyasi xəritəsini dəyişdirən əsas amillərdən biri kimi qiymətləndirilir, həm də beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini daha da gücləndirir.

Deputatın fikrincə, Ermənistan da artıq yaranmış yeni reallığı qəbul etməyə və Azərbaycanın təqdim etdiyi sülh gündəliyinə müəyyən mənada uyğunlaşmağa məcburdur. Çünki regionda davamlı sülhün əldə olunması ilk növbədə Ermənistan cəmiyyətinin gələcəyi, iqtisadi sabitliyi və təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Lakin həm daxildə, həm də xaricdə bu prosesi əngəlləməyə çalışan qüvvələrin mövcudluğu Paşinyan hakimiyyətinin daha sərbəst və qətiyyətli qərarlar qəbul etməsini çətinləşdirən əsas amillərdən biri olaraq qalır.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
50
bizimyol.info

10Mənbələr