AZ

Paşinyanın gizli planı üzə çıxdı, “erməni mifləri” dağıdılır: Ermənistanın gələcək taleyi artıq Azərbaycan və Türkiyədən asılıdır

Paşinyan hakimiyyəti indiki xarici siyasət kursunu davam etdirməyi bacarsa, Ermənistan yaxın gələcəkdə Cənubi Qafqazda tamamilə yeni geopolitik və geoiqtisadi sistemə inteqrasiya olunmaq şansı qazanacaq… Bu yeni sistemdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün sadəcə, siyasi-diplomatik seçim deyil, həm də dövlətçiliyin gələcək taleyini müəyyənləşdirə biləcək geostrateji zərurət rolunu oynayacaq…

Cənubi Qafqazda son illərdə baş verən geopolitik proseslər artıq yalnız regional siyasi dəyişikliklərlə məhdudlaşmır. Belə ki, bu region bütövlükdə yeni geopolitik arxitekturanın formalaşdığı mürəkkəb transformasiya mərhələsinə daxil olub. Xüsusilə də, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları rəsmi İrəvanın uzun onilliklər ərzində üzərində siyasət qurduğu uydurma ideoloji xətdən tədricən imtina etdiyini göstərir. Erməni baş nazirin “Qarabağ hərəkatı Ermənistan üçün böyük səhv idi” və “İtirildiyi deyilən ərazilər heç vaxt Ermənistana məxsus olmayıb” məzmunlu fikirləri Ermənistanın müasir siyasi tarixində ən radikal etiraflardan biri hesab oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, əslində, bu açıqlamalar sadəcə, ölkədaxili auditoriyaya hesablanmış siyasi mesaj deyil. Çünki burada həm Ermənistan cəmiyyətinə, həm region dövlətlərinə, həm də qlobal güc mərkəzlərinə ünvanlanan çoxvektorlu strateji mesajlar mövcuddur. Belə ki, Paşinyan hakimiyyəti artıq anlayır ki, keçmiş onilliklərin “Qarabağ doktrinası” Ermənistanı nə regional liderə, nə iqtisadi gücə, nə də təhlükəsizlik baxımından, təmin olunmuş dövlətə çevirə bilmədi. Əksinə, Ermənistan uzun müddət geopolitik blokada, iqtisadi təcrid və təhlükəsizlik asılılığı vəziyyətində qalmış qaldı.

Məhz ona görə də, baş nazir Nikol Paşinyan indi Ermənistan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını dəyişməyə çalışır. O, faktiki olaraq, Ermənistanın postsovet dövründə formalaşdırdığı "milli siyasi konsepsiya"nın uğursuzluğunu etiraf edir. Çünki rəsmi İrəvan tərəfindən uydurma iddialar ilə törədilmiş hərbi münaqişə nəticəsində Ermənistan həm iqtisadi inkişafdan, həm də regional inteqrasiyadan uzaqlaşdırılmış oldu.

 

Bu baxımdan, baş nazir Nikol Paşinyanın açıqlamalarında xüsusilə diqqət çəkən məqamlardan biri də məhz onun Ermənistan daxilində uzun onilliklər boyu "tabu" hesab edilən mövzulara toxunmasıdır. Belə ki, Ermənistan cəmiyyətində illərlə “qələbə mifologiyası” formalaşdırılmışdı. "Dağlıq Qarabağ" uğrunda savaş erməni siyasi elitası tərəfindən dövlət ideologiyasına çevrilmişdi. Hətta Ermənistanda hakimiyyət də əsasən “Qarabağ klanı”nın nəzarətinə düşmüşdü. Və baş nazir Nikol Paşinyan isə indi açıq şəkildə bildirir ki, həmin "siyasi-ideoloji model" Ermənistanın inkişafını əngəlləyən əsas faktorlardan birinə çevrilmişdi.

Təbii ki, Paşinyan hakimiyyətinin bu yeni kursu isə Ermənistan daxilində çox ciddi siyasi və ideoloji parçalanmalar yaradır. Çünki Paşinyan hakimiyyətinin mövqeyi erməni ultramillətçi dairələri, radikal-revanşist qüvvələri və keçmiş hakimiyyət elitasını olduqca narahat edir. Xüsusilə də, erməni kilsəsi, keçmiş cinayətkar prezidentlərə bağlı siyasi qruplar və Rusiyanın agentura şəbəkəsinə daxil olan düşərgənin təmsilçiləri Paşinyan hakimiyyətinin siyasətini “tarixi xəyanət” kimi təqdim etməyə çalışırlar. Və bu baxımdan, Ermənistan artıq yalnız xarici siyasət transformasiyası deyil, həm də ölkədaxili ideoloji qarşıdurma mərhələsinə daxil olmuş kimi görünür.

Digər tərəfdən, baş nazir Nikol Paşinyanın son açıqlamaları regionda yaranmış yeni geopolitik reallıqların qəbul olunduğunu da göstərir. Belə ki, İkinci Qarabağ savaşından sonrakı geopolitik proseslər Ermənistanın əvvəlki regional status-kvonu qorumaq imkanlarını tamamilə aradan qaldırdı. Rəsmi İrəvan artıq anlayır ki, əvvəlki maksimalist siyasi tezislərlə regional siyasətdə mövcud olmaq mümkün deyil. Və bu səbəbdən də, Paşinyan hakimiyyəti “real Ermənistan” konsepsiyasını ön plana çıxarmağa çalışır.

Paşinyan hakimiyyətinin bu konsepsiyasının əsas mahiyyəti Ermənistanın mövcud sərhədlər daxilində dövlət kimi mövcud olmasını təmin etməkdir. Eyni zamanda, rəsmi İrəvan hazırda regional kommunikasiyalara qoşulmağa, iqtisadi blokadadan çıxmağa və beynəlxalq legitimliyini möhkəmləndirməyə də can atır. Və bu o deməkdir ki, Paşinyan hakimiyyəti uydurma “tarixi Ermənistan” ideologiyasından imtina edərək, “funksional dövlət” modelinə keçid etməyə çalışır.

 

Elə məhz bu kontekstdə də Türkiyə-Ermənistan münasibətlərində nisbi yumşalmanın olduğu müşahidə edilir. xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə ilə münasibətlərdə “pozitiv dinamika”nın olduğunu vurğulaması da qətiyyən təsadüfi deyil. İki ölkə arasında körpünün birgə bərpası ilə bağlı memorandumun imzalanması simvolik xarakter daşısa da, əslində, bu addımın arxasında daha böyük strateji hesablamalar dayanır.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Türkiyəni artıq tarixi düşmən kimi deyil, daha çox Ermənistanı regional təcriddən çıxara biləcək əsas "geopolitik pəncərə" olaraq görməyə başlayıb. Çünki Ermənistanın indiki siyasi rəhbərliyi anlayır ki, Türkiyə ilə sərhədlərin açılması ölkənin iqtisadi sisteminə ciddi nəfəs verə bilər. Və bu isə həm regional ticarət marşrutlarının dəyişməsi, həm də Ermənistanın geoiqtisadi rolunun müəyyən qədər bərpa olunması deməkdir.

Bütün bunlarla yanaşı, Paşinyan hakimiyyəti Ermənistanın Qərbə doğru geopolitik manevrlərini də israrla sürətləndirməyə çalışır. Düzdür, baş nazir Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının sammitində iştirakdan imtina etməsi formal olaraq, ölkədaxili siyasi səbəblərlə izah edilir. Ancaq bu addımın həm Qərbə, həm də Rusiyaya yönəlik siyasi mesaj xarakteri daşıdığı qətiyyən şübhə doğurmur. Çünki son illərdə Ermənistan-Rusiya münasibətlərində ciddi gərginlik müşahidə olunur. Rəsmi İrəvan hesab edir ki, Kreml Ermənistanın təhlükəsizlik gözləntilərini tam qarşılaya bilmir. Ona görə də, Paşinyan hakimiyyəti Ermənistan üçün alternativ təhlükəsizlik və siyasi tərəfdaşlıqlar axtarmağa çalışır.

Ancaq bütün bunlara paralel olaraq, Ermənistanın Qazaxıstanla hərbi kəşfiyyat əməkdaşlığı barədə sazişi təsdiqləməsi də böyük maraq doğurur. Çünki bu, həm də onu göstərir ki, rəsmi İrəvan postsovet məkanından tamamilə uzaqlaşmaq niyyətində deyil. Yəni, Paşinyan hakimiyyəti hazırda Ermənistan üçün balanslaşdırılmış və çoxvektorlu xarici siyasət modeli qurmağa çalışır. Belə ki, bir tərəfdən, Qərblə yaxınlaşma xətti eynilə davam etdirilir. Və digər tərəfdən isə postsovet məkanındakı ənənəvi siyasi tərəfdaşlarla da əlaqələr tamamilə qoparılmır.

 

Bütün bunları nəzərə aldıqda, indi əsas sual ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini bu yeni geopolitik reallıqlara tam şəkildə uyğunlaşdıra biləcəkmi? Çünki Ermənistanda radikal-revanşist qüvvələr hələ də kifayət qədər güclü təsir imkanlarına malikdirlər. Bu baxımdan, ölkədə olan sosial-iqtisadi problemlər, təhlükəsizlik riskləri və siyasi parçalanmalar Paşinyan hakimiyyətinin qarşısında olduqca ciddi əngəllər yaradır.

Bununla belə, mövcud siyasi proseslər onu göstərir ki, Ermənistan artıq geri dönüşü olduqca çətin yeni geopolitik mərhələyə daxil olub. Əgər, Paşinyan hakimiyyəti bu kursu davam etdirməyi bacarsa, Ermənistan yaxın gələcəkdə Cənubi Qafqazda tamamilə yeni geopolitik və geoiqtisadi sistemə inteqrasiya olunmaq şansı qazana bilər. Bu yeni sistemdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün sadəcə, siyasi-diplomatik seçim deyil, həm də dövlətçiliyin gələcək taleyini müəyyənləşdirə biləcək geostrateji zərurət rolunu oynayacaq.

Belə anlaşılır ki, Cənubi Qafqazda hazırda yalnız münaqişədən sonra reallaşa biləcəyi ehtimal edilən yeni dövr artıq başlayıb. Ona görə də, Ermənistanda indi əsas mübarizə keçmişin uydurulmuş "siyasi-ideoloji yükü" ilə gələcəyin geopolitik reallıqları arasında gedir. Və Ermənistan cəmiyyəti isə bu taleyüklü seçim qarşısında öz dövlətçilik modelini yenidən müəyyənləşdirmək məcburiyyətində qalmış kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Seçilən
5
50
musavat.com

10Mənbələr