AZ

Paşinyanın əsas sınağı: hakimiyyəti qorumaq, yoxsa sabitlik yaratmaq?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə daxili siyasi balansı müəyyən edən proses deyil, həm də qarşıdakı illərdə Cənubi Qafqazın geosiyasi istiqamətinə, Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasına, Azərbaycanla sülh danışıqlarına və böyük güclər arasındakı rəqabətin regional dinamikasına birbaşa təsir göstərəcək strateji dönüş nöqtəsi hesab olunur.

Bu baxımdan seçkilərin nəticəsi yalnız hakimiyyətin dəyişib-dəyişməyəcəyi ilə deyil, həm də Ermənistanın hansı təhlükəsizlik paradiqmasını seçəcəyi, Rusiya ilə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi, Qərbin İrəvana təsir imkanlarının nə dərəcədə genişlənəcəyi və regional inteqrasiya layihələrinə yanaşmanın necə formalaşacağı kontekstində qiymətləndirilməlidir.

Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) prezidenti Mehmet Gökhan Özçubukçu Bizimyol.info-ya açıqlamasında bildirib ki, Nikol Paşinyanın yenidən hakimiyyətə qayıtmaq ehtimalı hələ də yüksək olaraq qalır. Ekspert bunu əsasən Ermənistan müxalifətinin parçalanmış vəziyyətdə olması və cəmiyyətə alternativ siyasi mərkəz təqdim etməkdə çətinlik çəkməsi ilə əlaqələndirib.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyətdə qalması ilə güclü və sabit hökumət qurması eyni məna daşımır. Çünki Ermənistan siyasətində artıq yalnız seçki nəticələri deyil, təhlükəsizlik travmaları və kimlik siyasəti də həlledici amilə çevrilib.

“İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistanda yaranan psixoloji sarsıntı cəmiyyətdə ciddi istiqamət axtarışına səbəb olub. Bir qisim Paşinyanı hələ də ‘müharibədə məğlub olmuş lider’ kimi qiymətləndirir, digər qisim isə hesab edir ki, illərlə ölkəni çıxılmaz vəziyyətə salan məhz köhnə Qarabağ mərkəzli təhlükəsizlik elitası olub. Buna görə də seçkilərdən sonra formalaşacaq parlament mənzərəsinin daha kövrək, parçalanmış və gərgin olacağı gözlənilir”, – deyə ekspert bildirib.

Mehmet Gökhan Özçubukçu qeyd edib ki, bu vəziyyət Ermənistanın xarici siyasətinə də birbaşa təsir edə bilər. Onun fikrincə, Paşinyan son dövrlərdə ənənəvi Ermənistan xarici siyasət xəttindən müəyyən qədər uzaqlaşmağa çalışır. Xüsusilə Rusiyadan asılı təhlükəsizlik modelinin Ermənistanı qoruya bilmədiyi fikri İrəvanda ciddi paradiqma dəyişikliyi yaradıb.

Ekspert vurğulayıb ki, Moskvanın 2020-ci il müharibəsi zamanı və sonrasında Ermənistanın gözləntilərini doğrultmaması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının passiv mövqeyi və Rusiyanın Ukrayna müharibəsinə fokuslanması erməni siyasi elitalarında “Rusiyanın təhlükəsizlik çətiri artıq effektiv deyil” düşüncəsini gücləndirib.

Bunun nəticəsində Paşinyan hakimiyyəti Qərblə daha sıx münasibətlər qurmağa başlayıb. Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi, ABŞ ilə müdafiə dialoqunun genişləndirilməsi və Fransanın İrəvana siyasi dəstəyi bu siyasətin əsas göstəriciləri kimi qiymətləndirilir.

Bununla belə, ekspert hesab edir ki, Ermənistanın Qərbə yaxınlaşması Rusiyanı tamamilə kənarda qoymaq anlamına gəlmir. Çünki ölkənin iqtisadi asılılığı, enerji infrastrukturu, diaspor əlaqələri və təhlükəsizlik institutları hələ də böyük ölçüdə Moskvanın təsiri altındadır.

“Seçkilərdən sonra yaranacaq siyasi balans Ermənistanın Qərbə nə qədər yaxınlaşa biləcəyini və ya yenidən Moskva xəttinə qayıdıb-qayıtmayacağını müəyyən edəcək əsas faktor olacaq”, – deyə Mehmet Gökhan Özçubukçu əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
50
bizimyol.info

10Mənbələr