AZ

Ermənistanda “Qarabağ pasportu” KRİZİSİ

Ermənistanın “İravnuk” qəzeti yazır ki, Qarabağdan gəlmiş ermənilər Nikol Paşinyan hökumətinin onlara Ermənistan vətəndaşlığı üçün müraciətlərinə cavabın aylarla uzanmasından narahatdırlar.

Qəzet yazıb ki, onlar “ərizə dekabr ayında təqdim edilib, amma hələ heç kim bizə zəng etməyib. Əvvəllər vətəndaşlıq almağımızda israr edirdilər, indi isə Ermənistan pasportu almaq üçün onlara yalvarmalıyıq” istehzadırmı?” deyirlər. İddia olunur ki, Qarabağdan gəlmiş ermənilərə qəsdən vətəndaşlıq vermirlər ki, onlar iyunda keçiriləcək seçkilərdə iştirak edə bilməsinlər və Paşinyana qarşı səs verməsinlər.

Qarabağdan gəlmiş ermənilərin siyasi mövqeyi qeyri-müəyyəndir və mümkündür ki, hakimiyyət onların seçkilərdə davranışını risk kimi görərək vətəndaşlıq verilməsi prosesini gecikdirsin. “Qəsdən səsvermədən kənarlaşdırmaq” iddiası sübut olunmasa da, Paşinyan hökumətinin davranışı həm bürokratik səriştəsizlik, həm də potensial siyasi manipulyasiya kimi görünür. Bu vəziyyət Paşinyana qarşı olan müxalifətçilərin işinə yarıya bilər. Onlar Qarabağdan gəlmiş ermənilərin seçkidən iştirakı əngəlləndiyini önə sürərək, yaranmış narazılıqdan istifadə edə və hökumətin legitimliyini sual altına ala bilərlər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə Musavat.com-a bildirib ki, “İravnuk” qəzeti Paşinyana müxalifətdə olan revanşist qüvvələrə yaxın mətbuat orqanıdır. Ona görə də seçkilər öncəsi ən müxtəlif yollarla insanları Paşinyana qarşı qaldırmaq üçün təbliğat aparır:

“Qarabağdan könüllü köçmüş ermənilərə Ermənistan hökumətinin vətəndaşlıq verilməsini yubatdığı barədə yazılanlar da bu qəbildəndir. Əvvəla, vətəndaşlıq verilməsi üçün qanunvericilikdə prosedur qaydalar var. Həmin qaydalar ardıcıllıqla yerinə yetirilir və bu da müəyyən zaman aparır. Yəni vətəndaşlıq üçün ərizə verilməsi o demək deyil ki, çox qısa müddətdə vətəndaşlıq verilir. İkincisi, Qarabağdan könüllü köçmüş ermənilərin əksəriyyəti Ermənistan vətəndaşlığı olan insanlardır. Eləcə də köçənlərin sırasında Rusiya və digər ölkələrin də vətəndaşı olan ermənilər kifayət qədərdir. Köç zamanı ermənilərin özləri televiziyalara müsahibələrində bunu bəyan edirdilər. Ermənistan vətəndaşlığı olmayan çox az sayda Qarabağdan köçən ermənilər var. Onların da bir hissəsinə vətəndaşlıq verildiyini keçən ilin sonunda Ermənistan hökuməti açıqlamışdı. Üçüncüsü, Qarabağdan könüllü köçmüş səsvermə hüququ olan ermənilərin sayı seçkilərin nəticələrinə təsir etməyəcək səviyyədə azdır. Odur ki, müxalifətin və müxalif medianın “Qarabağ ermənilərinin səsvermə hüququ alınır” kimi hay-küyü əsassız problemlər, krizis yaratmaqdan başqa bir şey deyil”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
70
5
musavat.com

10Mənbələr