İtaliyanın D Seriyasında mübarizə aparan “Recana” klubunun qapıçısı Edoardo Motta bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı qolkiperlə 4,5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. “Latsio” bu keçid üçün 1,2 milyon avrosundan keçib.
Edoardo Motta futbola “Yuventus”da başlasa da, sonralar “Alessandriya” və “Montsa” klublarının da aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. 2023-cü ildən “Recana”da forma geyinən italiyalı qolkiper cari mövsümdə 21 oyuna çıxıb, 31 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb. O, “Recana”da bütövlükdə 24 oyun keçirib, 35 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.
Motta İtaliyanın U-17 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı qapıçının transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.
