“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında (ÇL) “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah ÇL-in Liqa mərhələsinin 8-ci turu çərçivəsində İngiltərədə üz-üzə gələcəklər.
Arne Slot bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“UEFA Çempionlar Liqasının Liqa mərhələsini ilk “dördlük”də bitirməyi planlaşdırırıq. “Qarabağ”a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. “Bornmut”a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim.
“Qarabağ”ın heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. “Qarabağ” öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında “Çelsi”yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm UEFA Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub”.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
