Buxarest, 30 dekabr, AZƏRTAC
Avropa İttifaqının texnoloji müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən ən iri təşəbbüslərdən biri olan yarımkeçiricilər üzrə strateji layihədə Rumıniya əsas iştirakçı ölkələr sırasında yer alır.
AZƏRTAC xəbər verir ki, bu addım Avropanın qlobal yarımkeçirici bazarında ABŞ və Asiya ölkələri ilə rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyan uzunmüddətli siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.
Məlumatda bildirilir ki, Avropa İttifaqı uzun illər yarımkeçirici texnologiyalarında əsasən istehlakçı mövqeyində çıxış edib. Son illərdə geosiyasi gərginliklərin artması, qlobal təchizat zəncirlərində yaranan problemlər və strateji texnologiyalardan asılılıq Avropanı bu sahədə fundamental yanaşmasını yenidən nəzərdən keçirməyə vadar edib. Bu baxımdan “European Chips Act” çərçivəsində qəbul edilən qərarlar Avropanın öz yüksək texnologiyalı çip istehsalını formalaşdırmaq niyyətini ortaya qoyur.
Rumıniya bu prosesdə Buxarest Politexnik Universiteti vasitəsilə iştirak edir və Avropanın ən iri elmi-tədqiqat platformalarından biri olan NanoIC pilot xəttinə qoşulub. Layihə klassik yarımkeçirici texnologiyalarından kənara çıxaraq ölçüləri 2 nanometrdən də kiçik olan yeni nəsil çiplərin tədqiqi və sınağını nəzərdə tutur. Bu texnologiyaların gələcəkdə superkompüterlər, süni intellekt sistemləri, kommunikasiya şəbəkələri, enerji infrastrukturu, elektromobillər və tibbi avadanlıqlar üçün əsas baza rolunu oynayacağı vurğulanır.
Qeyd olunur ki, NanoIC yalnız elmi-tədqiqat mərkəzi deyil, eyni zamanda, ideyaların real məhsula çevrildiyi strateji platformadır. Burada son dərəcə mürəkkəb “system-on-chip” həlləri, yeni nəsil yaddaş texnologiyaları və çoxçipli inteqrasiya sistemləri sınaqdan keçirilir. Avropalı mühəndislər üçün erkən mərhələdə dizayn və modelləşdirmə imkanları yaradan bu infrastruktur innovasiya prosesində xərcləri və riskləri əhəmiyyətli dərəcədə azaldır.
Rumıniyanın bu layihədə iştirakı ölkəni regional səviyyədən çıxararaq Avropanın texnoloji inkişafında birbaşa rol oynayan ölkələr sırasına daxil edir. Layihə çərçivəsində universitet–sənaye əməkdaşlığı, gənc tədqiqatçılar üçün ixtisasartırma proqramları və startap mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu isə Rumıniyanın elmi potensialının və yüksəkixtisaslı kadr bazasının gücləndirilməsinə xidmət edir.
Maliyyələşmə Avropa İttifaqının Horizon Europe və Digital Europe proqramları çərçivəsində təmin olunur və iştirakçı dövlətlərin milli töhfələri ilə tamamlanır. Bu investisiyalar Avropanın yalnız iqtisadi deyil, həm də texnoloji və geosiyasi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest