Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tofiq Zülfüqarov: “ABŞ dünyanın enerji resurslarına və strateji əhəmiyyətli xammallarına tam nəzarət əldə etməyə çalışır”
“ ABŞ, birləşmiş Avropa və Çin. Bu üçlük yeni qlobal sistemin əsas dayaqlarına çevrilməkdədir”.
“AzPolitika” bildirir ki, bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook” hesabılnda paylaşıb.
“Rusiya böyük nüvə potensialına sahib olsa da, artıq müstəqil siyasi-texnoloji mərkəz olmaq imkanlarını demək olar ki, tam itirib və bu baxımdan hətta postsovet ölkələri üçün belə cazibədar güc kimi qəbul edilmir”, - seyə sabiq nazir bildirib.
O qeyd edib ki, ideoloji modellər – kommunizm, liberalizm və digər konsepsiyalar gələcək ittifaqların formalaşmasında əsas baza olmayacaq: “Bugünkü reallıqda dövlətlərin hansı bloklara yaxınlaşması ideologiyalarla yox, həmin mərkəzlərin “kiçik tərəfdaşlara təqdim edə biləcəyi texnoloji imkanlarla” müəyyənləşəcək”.
Tofiq Zülfüqarov vurğulayıb ki, texnoloji rəqabət, o cümlədən müdafiə sahəsində yarışma getdikcə daha sərt xarakter alacaq və qlobal proseslərin əsas həlledici amillərindən birinə çevriləcək.
Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyası öz siyasi-texnoloji üstünlüyünü qorumaq və möhkəmləndirmək məqsədilə dünyanın enerji resurslarına və strateji əhəmiyyətli xammallarına tam nəzarət əldə etməyə çalışır.
T.Zülfüqarov əlavə edib ki, Vaşinqton eyni zamanda əhəmiyyətli quru və dəniz kommunikasiya marşrutları üzərində dominantlığı ələ almaq strategiyasını açıq şəkildə elan edib və praktiki addımlara başlayıb.
Keçmiş XİN rəhbəri bildirib ki, bu yeni geosiyasi doktrina fonunda XX əsrin sonu və XXI əsrin əvvəllərində həlledici rol oynayan prinsiplər, götürülmüş öhdəliklər və beynəlxalq hüquq normaları yeni qlobal strategiyanın qurbanına çevrilir. Onun fikrincə, mövcud proseslər fonunda beynəlxalq institutların real təsir imkanları ciddi şəkildə zəifləyib.
Bu kontekstdə Zülfüqarov Birləşmiş Millətlər Təşkilatının roluna da diqqət çəkərək bildirib ki, mövcud qlobal proseslər fonunda təşkilat faktiki təsir imkanlarını itirib. Onun sözlərinə görə, müəllif ironiyası ilə desək, “UN” abreviaturasını artıq “United Nothing” – yəni “birləşmiş heç nə” kimi şərh etmək olar.
Rasim Əliyev
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.