AZ

Dünyanın müxtəlif ölkələrində Hindistan hökuməti əleyhinə aksiyalar keçirilir

Bakı Təşəbbüs Qrupu dünyanın müxtəlif ölkələrində neokolonializmin yeni və təhlükəli təzahürlərini araşdırmaq və ifşa etmək istiqamətində nəticəyönümlü fəaliyyətini davam etdirir. Bu xüsusda Hindistanın Baş naziri Narendra Modinin siyasətinə qarşı dünyanın müxtəlif ölkələrində baş tutan etiraz aksiyaları diqqəti çəkir.

APA xəbər verir ki, belə aksiyalardan biri 24 dekabr 2025-ci il tarixində Vaşinqton, Toronto, Vankuver, London, Milan və Melburn kimi dünyanın müxtəlif şəhərlərində siqh fəalları və “Sikhs for Justice” (SFJ) təşkilatının üzvləri tərəfindən Hindistan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Etiraz aksiyalarının əsas məqsədi siqh fəal Hardeep Singh Nijjarın və Osman Hadinin qətlləri ilə bağlı Hindistanın məsuliyyət daşıdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub.

Qeyd edək ki, Osman Hadi Hindistanın Baş naziri Narendra Modinin siyasətini açıq şəkildə tənqid etməsi ilə tanınırdı. Onun “Modinin casuslarını tutun! Onları həbs edin!” məzmunlu şüarlarının sosial mediada geniş yayılmasından sonra Hadi müxtəlif təhdidlər alıb, qısa müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilib. Osman Hadi 2025-ci il dekabrın 12-də Banqladeşin paytaxtı Dəkkə şəhərində silahlı hücum nəticəsində ağır yaralanıb və dekabrın 15-də xəstəxanada vəfat edib.

Kanadalı siqh fəal Hardeep Singh Nijjar isə 2023-cü ildə Kanadanın Brampton şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilib. Siqhlər bu qətlin arxasında Hindistan hökumətinin durduğunu iddia edirlər.

“Ədalət üçün siqhlər – SFJ” təşkilatı sözügedən etiraz aksiyalarını “Hindistanın transmilli terrorizmi – Dəkkədən Vaşinqtona qədər” (India’s Transnational Terrorism — From Dhaka to DC) adı altında təşkil edib. Fəallar Hindistanın diplomatik nümayəndəlikləri qarşısında aksiyalar keçirərək Hindistan hökumətini “beynəlxalq siyasi terror” həyata keçirməkdə ittiham ediblər.

Aksiyalar zamanı iştirakçılar “Osman Hadini kim öldürdü? Hindistan!”, “Nijjarı kim öldürdü? Hindistan!”, “Hindistan səfirliklərini bağlayın — onlar terror yuvalarıdır!” və “Hindistan dünyanın düşmənidir!” kimi şüarlar səsləndiriblər.

Fəallar iddia edirlər ki, Hindistanın Baş naziri Narendra Modinin rəhbərliyi altında ölkədə tənqidçi səsləri susdurmaq və təsir dairəsini qorumaq məqsədilə “transmilli repressiya siyasəti” həyata keçirilir. Onların fikrincə, Osman Hadi və Hardeep Singh Nijjar məhz bu siyasətin qurbanları olublar. Etirazçılar, həmçinin, Birləşmiş Ştatları və digər beynəlxalq tərəfdaşları sözügedən iddiaları ciddi şəkildə araşdırmağa və Hindistan hökumətinə qarşı müvafiq tədbirlər görməyə çağırıblar.

Kanadanın Vankuver şəhərində keçirilən yürüşdə iştirakçılar Hindistan səfirliyinə qədər yürüyərək Modi və Hindistan Kəşfiyyat Xidmətini bu qətllərdə məsuliyyət daşımaqda ittiham ediblər. Fəallar həmçinin “Modi üçün simvolik cənazə mərasimi” keçirərək Hadinin ölümünü “söz azadlığına qarşı törədilmiş cinayət” kimi qiymətləndiriblər.

“Sikhs for Justice” təşkilatı bəyan edib ki, bu aksiyalar yalnız Osman Hadi və Hardeep Singh Nijjar üçün ədalət tələb etmək məqsədi daşımır, həm də Hindistanın diaspor üzərində yaratdığı qorxu siyasətinə qarşı müqavimət hərəkatıdır.

Qeyd edək ki, Xalistan hərəkatı uzun illərdir Hindistanın Pəncab bölgəsində müstəqil dövlət qurulmasını tələb edir.

Aksiyaların sonunda “Sikhs for Justice” təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edərək Hindistan səfirliklərinin fəaliyyətinin araşdırılmasını, Osman Hadi və Hardeep Singh Nijjarın qətllərinin beynəlxalq istintaqa təqdim edilməsini və diaspor fəallarının təhlükəsizliyinin təmin olunmasını tələb edib.

https://x.com/SFJ_US_Official/status/2004002522122363306

https://x.com/SFJ_US_Official/status/2003866175227195785

https://x.com/Media_Panjab/status/2003905526154121363

https://x.com/jota_singh_sfj/status/2003955644416905681

https://x.com/D33pMalwa/status/2003948319211770034

https://x.com/KhalistanAmbCAN/status/2003951305354891338

https://x.com/NyJagdeepsingh/status/2003834086792835547

https://x.com/NyJagdeepsingh/status/2003996798252470504

Seçilən
19
6
apa.az

10Mənbələr