AZ

Dünyanın müxtəlif şəhərlərində Hindistan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib

Vaşinqton, Toronto, Vankuver, London, Milan və Melburn kimi dünyanın müxtəlif şəhərlərində siqh fəalları (siqhizmə sadiq olan insanlar, siqhizm Hindistanın Pəncab bölgəsində Guru Nanakın vəhyinə əsaslanan bir monoteist dindir - red.) və "Sikhs for Justice" (SFJ) təşkilatının üzvləri tərəfindən Hindistan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) Hindistanın Baş naziri Narendra Modinin siyasətinə qarşı dünyanın müxtəlif ölkələrində baş tutan etiraz aksiyaları barədə araşdırmasında qeyd olunub.

Bildirilib ki, sözügedən aksiya dekabrın 24-də baş verib. Məlumata görə, etiraz aksiyalarının əsas məqsədi siqh fəalı Hardeep Singh Nijjarın və Osman Hadinin qətlləri ilə bağlı Hindistanın məsuliyyət daşıdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub.

Qeyd olunub ki, Osman Hadi Hindistanın Baş naziri Narendra Modinin siyasətini açıq şəkildə tənqid etməsi ilə tanınıb:

"Onun "Modinin casuslarını tutun! Onları həbs edin!" məzmunlu şüarlarının sosial mediada geniş yayılmasından sonra Hadi müxtəlif təhdidlər alıb, qısa müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilib. O.Hadi 2025-ci il dekabrın 12-də Banqladeşin paytaxtı Dəkkə şəhərində silahlı hücum nəticəsində ağır yaralanıb və dekabrın 15-də xəstəxanada vəfat edib. Kanadalı siqh fəal Hardeep Singh Nijjar isə 2023-cü ildə Kanadanın Brampton şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilib. Siqhlər bu qətlin arxasında Hindistan hökumətinin durduğunu iddia edirlər".

Vurğulanıb ki, "Ədalət üçün siqhlər – SFJ" təşkilatı sözügedən etiraz aksiyalarını "Hindistanın transmilli terrorizmi – Dəkkədən Vaşinqtona qədər" (India"s Transnational Terrorism - From Dhaka to DC) adı altında təşkil edib. Fəallar Hindistanın diplomatik nümayəndəlikləri qarşısında aksiyalar keçirərək Hindistan hökumətini "beynəlxalq siyasi terror" həyata keçirməkdə ittiham ediblər.

Aksiyalar zamanı iştirakçılar "Osman Hadini kim öldürdü? Hindistan!", "Nijjarı kim öldürdü? Hindistan!", "Hindistan səfirliklərini bağlayın - onlar terror yuvalarıdır!" və "Hindistan dünyanın düşmənidir!" kimi şüarlar səsləndiriblər.

Fəallar iddia ediblər ki, Hindistanın Baş naziri Narendra Modinin rəhbərliyi altında ölkədə tənqidçi səsləri susdurmaq və təsir dairəsini qorumaq məqsədilə "transmilli repressiya siyasəti" həyata keçirilir. Onların fikrincə, Osman Hadi və Hardeep Singh Nijjar məhz bu siyasətin qurbanları olublar. Etirazçılar, həmçinin Birləşmiş Ştatları və digər beynəlxalq tərəfdaşları sözügedən iddiaları ciddi şəkildə araşdırmağa və Hindistan hökumətinə qarşı müvafiq tədbirlər görməyə çağırıblar.

Kanadanın Vankuver şəhərində keçirilən yürüşdə iştirakçılar Hindistan səfirliyinə qədər yürüyərək Modi və Hindistan Kəşfiyyat Xidmətini bu qətllərdə məsuliyyət daşımaqda ittiham ediblər. Fəallar, həmçinin "Modi üçün simvolik cənazə mərasimi" keçirərək Hadinin ölümünü "söz azadlığına qarşı törədilmiş cinayət" kimi qiymətləndiriblər.

"Sikhs for Justice" təşkilatı bəyan edib ki, bu aksiyalar yalnız Osman Hadi və Hardeep Singh Nijjar üçün ədalət tələb etmək məqsədi daşımır, həm də Hindistanın diaspor üzərində yaratdığı qorxu siyasətinə qarşı müqavimət hərəkatıdır.

Qeyd edək ki, Xalistan hərəkatı uzun illərdir Hindistanın Pəncab bölgəsində müstəqil dövlət qurulmasını tələb edir. Aksiyaların sonunda "Sikhs for Justice" təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edərək Hindistan səfirliklərinin fəaliyyətinin araşdırılmasını, Osman Hadi və Hardeep Singh Nijjarın qətllərinin beynəlxalq istintaqa təqdim edilməsini və diaspor fəallarının təhlükəsizliyinin təmin olunmasını tələb ediblər.

Seçilən
24
6
ikisahil.az

10Mənbələr