AZ

Özcan Aygün: Zəngəzur dəhlizi region üçün tarixi dönüş nöqtəsi olacaq

Bakı, 24 noyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr eyni tarixi dəyərlərə, ortaq mədəniyyətə və qədim köklərə malikdir. Bizi birləşdirən bu mənəvi bağlar bu gün Türk dünyasının siyasi, iqtisadi və humanitar əməkdaşlığının əsasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” mövzulu paneldə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi Türk dünyasını birləşdirən strateji körpü rolunu oynayır. Bu layihə həm coğrafi, həm iqtisadi, həm də geosiyasi baxımdan olduqca böyük əhəmiyyətə malikdir. Tarix boyu yaşanan bəzi hadisələr xalqların taleyini dəyişdiyi kimi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması da region üçün tarixi bir dönüş nöqtəsi olacaq. Dəhlizin açılması dünya iqtisadiyyatına mühüm faydalar gətirəcək, qlobal ticarət yollarını daha da şaxələndirəcək. Eyni zamanda, regional iqtisadiyyatda böyük dəyişikliklər yaradaraq türk dövlətləri arasında logistika, enerji və ticarət əlaqələrini yeni səviyyəyə qaldıracaq.

“Bu prosesdə qeyri-hökumət təşkilatlarının dəstəyi də xüsusi əhəmiyyət kəsb edir. QHT-lər ictimaiyyətlə dövlət arasında körpü rolunu oynayır, maarifləndirmə, ictimai diplomatiya və vətəndaş fəallığının təşviqi istiqamətində çox mühüm funksiyalar icra edirlər. Zəngəzur dəhlizinin yaradacağı imkanların doğru dəyərləndirilməsi, ictimaiyyətə çatdırılması və geniş izahı məhz QHT-lərin fəal iştirakı ilə daha səmərəli olacaq”, - deyə Özcan Aygün vurğulayıb.

Seçilən
59
21
azertag.az

10Mənbələr