Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Sumqayıtda baş tutub.
“Araz-Naxçıvan” bu turda “Karvan”la üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunu Nicat İsmayıllı idarə edib.
“Araz-Naxçıvan” üç oyun idi qələbə qazana bilmirdi. Elmar Baxşıyevin komandası bu oyunlarda 2 heç-heçə, 1 məğlubiyyət görmüşdü. Bu üzdən də naxçıvanlılar uğursuz gedişata son qoymaq, xüsusən də ötən tur “Sumqayıt”dan aldıqları məğlubiyyəti unutdurmaq üçün autsayderi yenmək arzusundaydılar.
“Karvan”ın vəziyyəti daha qəliz idi. Komanda ardıcıl 4 oyun idi uduzurdu. Bu üzdən də Yevlax təmsilçisi bu görüşdən xal və ya xallarla ayrılmaq üçün əlindən gələni edəcəkdi.
Oyunda hesabı da “Karvan” açıb. Amma qalan dəqiqələrdə buraxdığı qolun əvəzini artıqlaması ilə çıxmış Naxçıvan təmsilçisi yekunda əzmkar qələbəyə sevinib.
Bu nəticədən sonra “Karvan” hazırda 5 xalla 11-ci pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə 19 xalla 5-cidir.
Günün digər oyununda “Zirə” lider “Turan Tovuz”u qonaq edəcək. “Kəpəz” – “Sabah” və “Qarabağ” – “Neftçi” oyunları isə sabah keçiriləcək.
Xatırladaq ki, ilk oyun günündə “Şamaxı” “İmişli”yə (1:0) qalib gəlib, “Qəbələ” “Sumqayıt”a (0:2) uduzub.
Premyer Liqa
11-ci tur
8 noyabr
“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 65. Felipe Santos, 90+2-pen – Araz Abdullayev, 17.
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:44.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev (k), 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 76. Süleyman Həsənov, 34. Ürfan Abbasov, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.
Karvan: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 10. Samuel Durrant, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.

