AZ

Orelyen Tçuameni yenə sıradan çıxdı - ARENA.AZ

Futbol üzrə Fransa yığma komandasının və Madrid “Real”ının dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni yenidən sıradan çıxıb.

Arena.az bu barədə Madrid klubunun rəsmi saytına istinadən xəbər verir.

Fransalı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilmiş “Liverpul”la qarşılaşmada zədələnib. Yarımmüdafiəçi sol budun yarımvətərli əzələsinin zədələnməsi səbəbindən azı 3 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu səbəbdən o, Fransa millisinin DÇ-2026-nın seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcək. Eyni zamanda Orelyen La Liqada “Rayo Valyekano” (9 noyabr) və “Elçe” (23 noyabr) ilə matçları da buraxacaq.

Qeyd edək ki, futbolçunun noyabrın 26-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Olimpiakos”a qarşı oyuna qədər sağalması gözlənilir.

Xatırladaq ki, Fransanın “Bordo” klubunun yetirməsi olan Orelyen Tçuameni “Real”a 2022-ci ilin iyul ayında 80 milyon avro müqabilində “Monako”dan keçib. Fransalı “dayaqçı”nın “qaymaqlılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Tçuameni “Real”ın heəytində bütün yarışlarda 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “Real”ın heyətindəki ümumi statistikası isə belədir: 161 oyun, 5 qol və 6 məhsuldar ötürmə.

Orelyen Tçuameni 2021-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 43 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Orelyen “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Tçuameni “Kral klubu” ilə İspaniya La Liqasını (2023/2024), İspaniya Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2023/2024) qazanıb, həmçinin UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025) və FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı dayaq yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
4
27
arena.az

10Mənbələr