AZ

"Zəfər Günü” Pirallahıda təntənə ilə qeyd edildi - FOTOLAR

7 noyabr Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nün beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

"Unikal" xəbər verir ki, noyabr ayının ilk günlərindən etibarən rayonun bayram əhval-ruhiyyəsində bəzədilməsi məqsədilə geniş hazırlıq işləri aparılıb. Gürgən qəsəbəsinin girişində, Qala divarlarının üzərində, mərkəzi yol boyunca, eləcə də əsas küçələrdə yerləşən binaların eyvanlarında dövlət bayraqları ucaldılıb. Bununla yanaşı, şəhidlərimizin şəkilləri əks olunmuş “Vətən uğrunda abidə kompleksi”nin ətrafında və Gürgən qəsəbə qəbiristanlığında yerləşən şəhid məzarlarının ərazilərində təmizlik və abadlıq işləri görülüb.

07 noyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abosov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, həmçinin bir sıra müəssisə rəhbərlərinin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində 200 ədəd ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb, ağacların dibləri yumşaldılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Daha sonra RİH başçısının rəhbərliyi ilə ağacəkmə aksiyasında da iştirak edən bir qrup şəxs “Vətən uğrunda abidə kompleksi”ni ziyarət ediblər. Burada şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Tədbir hərbi orkestr tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin və sükut ifasının səsləndirilməsi ilə başlayıb. Ardınca RİH başçısı və digər iştirakçılar abidə önünə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarətdən sonra “Qələbə Salnaməsi: Zəfərin beş ili” adlı rəsmi tədbir keçirilib. Tədbirə qədər “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxs tərəfindən rəsm sərgisi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı tərəfindən isə kitab sərgisi təşkil olunub. RİH başçısı və qonaqlar sərgilərlə tanış olduqdan sonra tədbirə keçid ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin mövzuya həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.

Daha sonra çıxış edən RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış Böyük Zəfər Azərbaycan xalqının iradəsini, dövlətimizin qüdrətini və milli birliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. O vurğulayıb ki, beş il əvvəl əldə olunan bu tarixi qələbə təkcə hərbi sahədə deyil, siyasi, diplomatik və mənəvi müstəvidə də Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb. Vasif İmanov onu da qeyd edib ki, Azərbaycan bu gün regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısına çevrilib. Cənab Prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixində ABŞ-a rəsmi səfəri zamanı imzalanan tarixi Bəyanat, sülh müqaviləsinin mətninin paraflanması, eləcə də beynəlxalq tribunalarda dövlətimizin başçısının səsləndirdiyi qətiyyətli bəyanatlar bir daha göstərdi ki, Azərbaycan artıq öz haqlı Zəfərini diplomatik müstəvidə də tam şəkildə təmin edib. Vasif İmanov çıxışının sonunda qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və milli iftixar günüdür. Bu Zəfər bizə həm azadlığın, həm birliyin, həm də dövlətçilik əzminin qiymətini xatırladır. 

Daha sonra çıxış edən Milli Məclisin üzvü Günay Əfəndiyeva vurğulayıb ki, 8 Noyabr Zəfər Günü xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlət başçısının siyasi iradəsinin təntənəsidir. Bu qələbə nəticəsində Azərbaycan Cənubi Qafqazda sülhün və əməkdaşlığın əsas dayağına çevrilib. Günay Əfəndiyeva bildirib ki, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. O həmçinin vurğulayıb ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı ilə hər bir azərbaycanlının qəlbində dərin minnətdarlıq hissi yaradıblar.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov öz çıxışında qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi igidlik və xalqımızın dəmir iradəsi nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olunub. Emil Abasov vurğulayıb ki, bu Qələbə təkcə torpaqlarımızın deyil, həm də milli qürurumuzun, dövlətçiliyimizin, azərbaycançılıq ideologiyasının qələbəsidir. YAP Pirallahı rayon təşkilatının sədri onu da qeyd edib ki, partiya üzvləri hər zaman olduğu kimi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən siyasəti dəstəkləyir, bu istiqamətdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Nəbiyev Elmar Elman oğlunun anası Çiçək Biləndərli Vətən uğrunda canından keçən bütün igidlərin xatirəsinin əziz olduğunu, onların Ali Baş Komandanın bir əmri ilə öz canlarından keçməsi sayəsində bu gün Azərbaycanın qalib dövlət kimi tarix yazdığını bildirib. O, şəhid ailələrinə göstərilən diqqətə, dövlət başçısının və Birinci Vitse-prezident  Mehriban xanım Əliyevanın daimi qayğısına görə minnətdarlığını ifadə edib.

Çıxışlar yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi açıq elan olunub. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən bədii hissə rəngarəng çıxışlarla yadda qalıb.

Seçilən
29
50
unikal.az

10Mənbələr