Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 9-cu turu çərçivəsində “Çerno More” ilə qarşılaşıb.
Doğma meydanda baş tutmuş bu oyun “Arda”nın məğlubiyyəti ilə yekunlaşıb – 0:1. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.
“Arda” 9 turdan sonra 9 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 61 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.