AZ

Nepalda minlərlə insan həbsxanalardan qaçdı

BAKI, 11 sentyabr. TELEQRAF

İğtişaşlar zamanı Nepalda penitensiar müəssisələrdən 15 mindən çox məhbus qaçıb və bu, ölkə tarixində ən böyük həbsxana qaçışı olub.

Teleqraf xəbər verir ki, bu barədə “Kathmandu Post” polisə istinadla məlumat yayıb.

Məlumata görə, Nepalın müxtəlif şəhərlərindəki 25 həbsxanada kütləvi qaçışlar baş verib. Qaçanlar arasında qətl, zorlama, adam oğurluğu və insan alverində təqsirli bilinənlər də var.

Xatırladaq ki, sentyabrın 8-də Nepalın Katmandu və digər şəhərlərində korrupsiyaya və sosial şəbəkələrə qoyulan qadağaya qarşı etirazlardan sonra iğtişaşlar başlayıb. Baş nazir Şarma Oli istefa verib. Etirazçılar hökumət, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər.

Nepal Səhiyyə Nazirliyinin məlumatına görə, 30-dan çox insan həlak olub, 1000-dən çoxu yaralanıb. Ölkədə komendant saatı tətbiq edilib. Sentyabrın 9-da etirazlar fonunda hakimiyyət sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib. Sentyabrın 10-da Nepal ordusu ölkəni böhrandan çıxarmaq üçün etirazçıların nümayəndələri ilə danışıqlara hazır olduqlarını bəyan edib.

Seçilən
51
26
teleqraf.com

10Mənbələr