Musavat.com xəbər verir ki, Nepalda sosial şəbəkələrin bloklanmasına qarşı keçirilən kütləvi etirazlar ölkədə siyasi çevrilişlə nəticələnib.
Etirazçılar parlament və hökumət binalarını yandırdıqdan sonra siyasəti Discord platformasına daşıyıblar. Ən böyük serverdə 100 mindən çox insan toplaşaraq ChatGPT-dən potensial liderlərin siyahısını tərtib etməsini və onların üstünlükləri ilə çatışmazlıqlarını təhlil etməsini istəyiblər.
Süni intellekt dörd namizəd irəli sürsə də, xüsusilə korrupsiya ilə mübarizəsi ilə tanınan keçmiş Ali Məhkəmə sədri Suşila Karki önə çıxıb. Nəticədə o, müvəqqəti baş nazir təyin olunub və 5 mart 2026-cı ildə keçiriləcək seçkilərə qədər ölkəyə rəhbərlik edəcək.
Qeyd olunur ki, etirazların ilkin səbəbi sosial şəbəkələrin qadağan olunması olsa da, çox tezliklə aksiya antikorrupsiya hərəkatına çevrilib. Güc strukturları ilə toqquşmalarda 51 nəfər həlak olub, min nəfərdən çox yaralanıb. Baş nazir Şarma Oli istefa verib, parlament buraxılıb və ordunun nəzarəti ələ alması ilə paytaxtda komendant saatı tətbiq olunub.
Musavat.com