
Nepal prezidenti Ram Çandra Paudel ölkənin keçmiş baş hakimi vəkil Suşila Karkini müvəqqəti hökumət başçısı təyin etməyə razılıq verib.
Yeniavaz.com xəbər verir ki, Paudelin ictimai təzyiqə boyun əydiyi bildirilir.
Bundan əvvəl etirazçılar Karkini baş nazirliyə əsas namizəd kimi seçmişdilər. O, korrupsiyaya qarşı fəal mübarizə aparır.
73 yaşlı Karki Nepal hökumətinə altı ay - bir ildən sonra keçirilməsi gözlənilən növbəti seçkilərə qədər rəhbərlik edəcək.
Vəkil ölkənin baş hakimi postunu tutan ilk və indiyədək yeganə qadındır. İndi o, Nepalın baş naziri vəzifəsini icra edən ilk qadın olacaq.
Ölkə prezidenti həmçinin Nümayəndələr Palatasının (Nepal parlamentinin aşağı palatası) buraxılmasına və fövqəladə vəziyyət elan edilməsinə razılıq verib.
Xatırladaq ki, sentyabrın 8-i və 9-da Nepalda korrupsiyaya və hökumətin əsas sosial media platformalarının əksəriyyətini bloklamaq qərarına qarşı etirazlar keçirilib. Etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib. 51 nəfər ölüb, 1300-dən çox insan yaralanıb. Nəticədə hökumət sosial şəbəkələrdə bloku qaldırıb və baş nazir Key Pi Şarma Oli istefa verib.