Nepalda iğtişaşlar zamanı 50-dən çox insan həlak olub.
Operativ Media xəbər verir ki, bu haqda "France Press" agentliyi məlumat yayıb.
Daha əvvəl qarşıdurmalarda 34 nəfərin öldüyü bildirilirdi. Hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatına görə, ölənlərin sayı 51-ə çatıb, 1300-dən çox insan isə yaralanıb.
Bu həftənin əvvəlində Katmandu və digər şəhərlərdə korrupsiyaya, eləcə də sosial şəbəkələrə qoyulan qadağaya qarşı etirazlardan sonra iğtişaşlar başlayıb. Etirazlar nəticəsində baş nazir Şarma Oli istefa verib. Aksiyaların əsas iştirakçıları tələbələr və “Z nəsli” gənclər hərəkatının fəalları olub. Etirazçılar hökumət binalarını, o cümlədən parlamenti, Ali Məhkəməni və prokurorluğu yandırıb, həmçinin siyasətçilərin və məmurların evlərinə hücum ediblər. Ölkədə komendant saatı elan olunub.
Sentyabrın 9-da etirazlar fonunda hakimiyyət sosial şəbəkələrə qoyulan qadağanı ləğv edib. Sentyabrın 10-da isə ordu “Z nəsli” hərəkatının və digər siyasi qüvvələrin nümayəndələri ilə müvəqqəti hökumətin formalaşdırılması üçün danışıqlara başlayıb.