AZ

Avropa ölkələri Ukraynaya hərbi kontingent göndərəcəklər: Rusiya ilə müharibədə yeni mərhələ?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Parisdə Ukrayna və "Könüllülər koalisiyası"na daxil olan ölkələrin liderlərinin görüşü keçirildi.
Yelisey sarayında baş tutan sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Finlandiya Prezidenti Sauli Niinistö, Danimarkanın Baş naziri Mette Frederiksen, Polşanın Baş naziri Donald Tusk və ABŞ nümayəndəsi Stiv Uitkoff iştirak ediblər. Digər dövlət başçıları videobağlantı vasitəsilə görüşə qoşulublar. Sammitin əsas məqsədi Ukraynaya dəstəyin gücləndirilməsi, sülh prosesi və Rusiyaya qarşı koordinasiyalı tədbirlərin müzakirəsi olub. Telefon bağlantısı ilə sammitə qoşulan ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini Rusiyadan neft idxalını dayandırmağa çağırıb. Tramp, həmçinin Avropa liderlərini Çin üzərində iqtisadi təzyiq göstərməyə səsləyib. Sammitin yekununda Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, 26 ölkə Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu təsdiqləyib.
Beləliklə, Parisdə keçirilən sammit həm bir neçə gün əvvəl Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya Xalq Demokratik Respublikasının Sədri Kim Çen Inın güc və birlik, bərabərlik nümayişi fonunda Avropa liderlərinin də bir araya gəlməsi qitənin birlik nümayiş etdirməsi kimi, həm də hələ də qitəni özünü Ukrayna məsələsində həmrəy göstərmək istədiyi kimi göründü.
Amma məsələ burasındadır ki, bu addımın arxasında real siyasi iradə, yoxsa Moskvanı qorxutmaq üçün diplomatik jestin dayandığı naməlumdur. Sanki Avropa həm mesaj vermək istəyir, həm də özünü birbaşa münaqişəyə çəkməmək üçün ehtiyat edir. Yəni Ukraynaya dəstək ilə "Rusiyanı təhrik etməmək" arasında balans axtarılır.
Sammitdə, həmçinin Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi məsələsi də gündəmə gətirilib. ABŞ prezidenti sammitə telefonla qoşulsa da, onun dedikləri Avropa üçün xoş siqnal təəssüratı yaratmayıb.
Tramp Avropanı Rusiyadan neft idxalını dayandırmağa çağırır, amma özü yeni sanksiyalar məsələsində adekvat cavab verməyib. Bu isə Avropada məyusluq doğurur. Çünki Avropa liderləri yaxşı anlayırlar ki, ABŞ-nin dəstəyi olmadan nə sanksiyalar effektiv olacaq, nə də Rusiyaya qarşı real təzyiq mexanizmləri işləyəcək.
26 ölkənin Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu elan etməsi isə Qərbin Kiyevə verdiyi dəstəyin yalnız silah-sursatla məhdudlaşmadığını göstərir. Düzdür, Makronun açıqlamasında xüsusi vurğulandı ki, bu qüvvələrin məqsədi sülhə zəmanət verməkdir, yəni münaqişə tərəflərinin hər ikisinə müəyyən mesajlar verildi. ABŞ prezidentinin sammitə telefonla qoşulması isə əslində, Vaşinqtonun məsələni kənarda saxlamaq istəmədiyini göstərir. Lakin onun Rusiyaya qarşı sanksiyalardan yayınan mövqeyi Avropa liderləri üçün ciddi narazılıq yaradıb.
Digər tərəfdən, Tramp da Avropanı Rusiyaya qarşı yetərli tədbirlər görmədiyi üçün ittiham edib. Nəticədə Tramp administrasiyası bu dəfə də mövqeyini dəyişməyib: Rusiyadan müsbət gözlənti var, münaqişə isə bitməlidir.
Sammitin nəticəsinə əsasən, yaxın aylarda "Könüllülər koalisiyası" konkret mexanizmlər hazırlayacaq. Hansı ölkənin nə qədər qüvvə ayıracağı, onların hansı ərazilərdə yerləşdiriləcəyi, mandatın müddəti və statusu məlum olacaq. Digər tərəfdən, Moskvanın mövqeyi də həlledici olacaq. Kreml sülh prosesindən imtina etdikcə yeni sanksiyalar gündəmə gətiriləcək.
Paris görüşü Qərbin Ukrayna məsələsində hələ də vahid mövqeyə sahib olduğunu nümayiş etdirdi. Lakin ABŞ və Avropa arasında sanksiyalar mövzusunda fikir ayrılıqları həm Kiyev, həm də Moskva üçün mühüm siqnaldır. Əgər koalisiya, planlaşdırdığı kimi, hərbi kontingenti Ukraynada yerləşdirsə, Moskva üçün strateji təzyiq elementinə çevrilməsi istisna deyil. Avropa bununla həm də sülh prosesi ilə bağlı əlini gücləndirmək istəyir. Lakin Moskvanın yanaşması daha çox maraq kəsb edəcək. Çünki Kreml bunu "NATO-nun Ukraynada yerləşdirilməsi" kimi təqdim edəcək və öz ictimaiyyətinə "Qərblə birbaşa üz-üzəyik" mesajını ötürəcək.
Əbəs deyil ki, Rusiyanın Ukraynaya təcavüzünün səbəblərindən biri də məhz bu idi. Belə ki, İkinci Dünya müharibəsindən sonra Rusiyada belə bir yanaşma formalaşmışdı ki, Rusiya öz sərhədlərini sərhəddə qoruya bilməz. Bu, Moskva üçün milli təhlükəsizlik strategiyasıdır. Ona görə də Rusiyadan sonra neytral dövlətlər olmalıdır. Bu baxımdan, Rusiya ilə həmsərhəd ölkə, düşmən də olsa, neytral qalmalıdır. Düzdür, bu, müasir beynəlxalq hüquq nöqteyi-nəzərdən doğru deyil, çünki dövlətlərin müstəqil qərar vermək hüququ var. Amma Rusiya beynəlxalq hüquqdan yox, real siyasətdən yola çıxır. Ukrayna bunu nəzərə almadığı üçün, beynəlxalq hüquq cəhətdən haqlı olsa da, real siyasətdə hücuma məruz qaldı. Bu baxımdan, yenidən münaqişənin NATO ilə açıq qarşıdurmaya çevrilməsi riski artırır.
Beləliklə, Paris sammiti həm Avropanın Ukraynanın yanında olduğunu göstərdi, həm də ABŞ-nin, əsas qüvvənin hələ də öz kartlarını tam açmaq istəmədiyi bir daha nümayiş olundu. Lakin Trampın bu tərəddüdü davam etsə, Avropa öz iradəsini daha çox önə çıxarmaq məcburiyyətində qalacaq. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, "köhnə qitə" Tramp administrasiyasının təzyiqlərinə görə güc balansını formalaşdıra bilmir, iqtisadi asılılıqdan daha çox, özünə fokuslanmaq məcburiyyətində qalmışdı. Lakin Aİ-nin prezidenti Anonio Koşta bu yaxında açıqlama verərək bildirdi ki, ABŞ-nin 15 faizlik tariflərinə adekvat cavab verməmək qarşılığında Ukraynaya dəstək istiqamətində Birləşmiş Ştatların dəstəyi hiss ediləcək. Amma əsas sual budur: Avropanın gücü və iradəsi bu yükü daşımağa kifayət edəcəkmi?
Düzdür, Rusiya yaxşı anlayır ki, Qərb yenidən kollektiv təhlükəsizlik çətiri altında görünür. Ukrayna cəmiyyətinə də tək olmadığı haqqında siyasi-mənəvi dəstək effekti yaranacaq. Hətta cəbhəyə girməsələr belə, Ukraynada Avropa qüvvələrinin varlığı Kremlin diplomatik təcridini dərinləşdirəcək. Bu, Kreml üçün də seçim zərurəti yaradır: ya danışıqlarda iştirak etmək, ya da getdikcə qarşısında daha böyük koalisiya görmək. Əgər koalisiya qüvvələri, həqiqətən, yerləşdirilərsə, bu, müharibənin gedişini dəyişməsə də, sonrakı sülhün şərtlərini dəyişəcək. Çünki Ukrayna masaya daha güclü zəmanətlə oturacaq.
Düzdür, sammitin qərarı bu gün, ya sabah müharibəni dayandırmır, amma konturlarını dəyişəcək kimi də görünür. Ukrayna üçün daha güclü diplomatik və psixoloji dəstək, Rusiya üçün əlavə təzyiq və manevr məkanının daralması, Avropa üçün öz iradəsini göstərmək imkanı, ABŞ üçün tərəddüd və ya "kartları sonda açan oyunçu" obrazı. Yəni bu gedişat münaqişəni bitirməsə də, istiqamətini dəyişdirə bilər. Bu isə o deməkdir ki, ya sülh sazişi imzalanacaq, ya da müharibə daha geniş müstəviyə daşınacaq.
Mərahim Nəsib
Seçilən
89
27
oxu.az

10Mənbələr