AZ

Yeni dünya nizamı: Vaşinqton görüşü və Pekin paradı – Soyuq müharibənin kölgəsi geri qayıdır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünya siyasəti son günlərdə iki böyük hadisə ilə silkələndi. Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarında Avropa ölkələrinin liderləri ilə Prezident Donald Trampın görüşü, dünən isə Çində keçirilən hərbi paradda Rusiya, Çin və Şimali Koreya rəhbərlərinin birlikdə ön sırada görünməsi beynəlxalq gündəmi dəyişdi. İki qütbün simvolik şəkildə bir-birinə mesaj göndərməsi yeni çağırışların başlanğıcı kimi dəyərləndirilir. Trampın Avropa liderləri ilə görüşündə əsas müzakirə mövzusu Qərbin gələcək təhlükəsizlik arxitekturası olub. ABŞ Avropa İttifaqı (Aİ) ölkələri ilə münasibətlərini bərpa etmək, Rusiyanın təcavüzü fonunda NATO-nun birliyini möhkəmləndirmək istəyir. Lakin Vaşinqtonun Avropanı daha çox maliyyə və hərbi yük daşımağa məcbur etməsi qitə paytaxtlarında narahatlıq doğurur. Avropa liderləri ABŞ-nin öz daxili siyasi qeyri-müəyyənliyi fonunda dayanıqlı tərəfdaş olub-olmayacağını sual altına alırlar.
Buna cavab kimi, demək olar ki, eyni günlərdə Çində keçirilən möhtəşəm hərbi paradda Moskva, Pekin və Pxenyan rəhbərlərinin yan-yana dayanması böyük rəmzi məna kəsb etdi. Vladimir Putin, Si Cinpin və Kim Çen In açıq şəkildə göstərdilər ki, Qərbin basqılarına qarşı "alternativ güc bloku" formalaşdırmağa hazırdırlar. Çinin iqtisadi gücü, Rusiyanın nüvə potensialı və Şimali Koreyanın radikal mövqeyi birlikdə yeni siyasi düzən mesajıdır. Ona görə də bu mənzərə 20-ci əsrin ikinci yarısında yaşanan soyuq müharibə ilə müqayisə edilir. O zaman da Qərb bloku ilə Şərq bloku dünya nizamını ikiyə bölmüşdü. İndi də oxşar mənzərə təkrar olunur: bir tərəfdə ABŞ və Avropa, digər tərəfdə Çin və Rusiya. Fərq ondadır ki, bugünkü qarşıdurma daha mürəkkəbdir - iqtisadi asılılıqlar, enerji bazarları və texnoloji müharibələr klassik hərbi qarşıdurmadan daha ön plana çıxır.
Bu geosiyasi qarşıdurma Azərbaycanın da iştirak etdiyi regionu birbaşa təsirləndirir. Xəzər dənizi, Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi layihələr həm Qərbin, həm də Şərqin diqqətindədir. Balanslı siyasət yürütmək Bakının əsas strateji xəttidir. Əbəs deyil ki, Prezident İlham Əliyev də Azərbaycanın ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman həm sözdə, həm də əməldə nümayiş etdirib.
Dövlət başçısı bu ilin iyun ayında Şuşada keçirilən "Yeni dünya nizamı: Geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində də bu məsələyə toxunaraq bildirib ki, ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir:
"Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir".
Bu isə o deməkdir ki, yeni dünya nizamı strateji regionda yerləşən və artıq təkcə regional deyil, geosiyasi proseslərdə də mühüm oyunçuya çevrilən Azərbaycansız mümkün deyil.
Bütün bunların fonunda deyə bilərik ki, Vaşinqtondakı görüşlə Pekindəki parad, əslində, dünyanın yeni güc bölgüsünün vizual təsdiqidir. Qlobal siyasət artıq çoxqütblü mərhələyə keçib. Soyuq müharibənin qayıdışı olmasa da, onun kölgəsi yenidən beynəlxalq münasibətlər üzərində dolaşır.
Mərahim Nəsib
Seçilən
51
6
oxu.az

10Mənbələr