AZ

Şaraadan mesaj: “Qanla deyil, dialoqla həll edək"

Suriyada sabitlik və iqtisadi inkişaf istiqamətində addımlar atıldığı bir vaxtda ölkənin cənubundakı Süveyda bölgəsi və terror təşkilatı PKK/YPG-nin qolu olan SDQ ilə problemlər yaşayan Dəməşq rəhbərliyi "Ölkənin birliyini qanla təmin etməyək” mesajı verdi.

"Cebheinfo.az" xəbər verir ki, ötən gün İdlibdə akademiklər və nüfuz sahibləri ilə görüşən Suriya Prezidenti Əhməd əl-Şaraa “Suriyanın birliyi üçün hələ önlərində mühüm bir müharibə olduğunu”,-deyib.

O, “Amma bu müharibə qanla və hərbi güclə aparılmamalıdır. Qarşılıqlı anlayış vasitəsilə problemlər həll olunmalıdır, çünki Suriya artıq müharibədən yorulub” ifadələrini işlədib.

Dövlət televiziyasında yayımlanan görüşdə ölkədəki bəzi tərəflərin “İsrail kimi regional güclər vasitəsilə güc qazanmağa çalışdığını” deyən Şaraa Suriyanın bölünmə təhlükəsinin olmadığını söyləyib.

İyul ayında Süveyda bölgəsində bədəvi və druz azlıqları arasında baş verən toqquşmalarda Dəməşq qüvvələri də daxil olmaqla bütün tərəflərin pozuntulara yol verdiyini qeyd edən Suriya lideri hadisələrdə “məsuliyyət daşıyan hər kəsdən hesab sorulacağını” bildirib.

Şaraa, həmçinin İsraili Süveyda məsələlərini fürsət bilib “Suriyanı zəiflətmək məqsədilə birbaşa müdaxilə etməkdə” ittiham edib. İsrail Süveyda bölgəsindəki druz azlığının hüquqlarını qoruma bəhanəsi ilə Suriyaya qarşı hava hücumları həyata keçirmişdi.

SDQ-Dəməşq münasibətlərinə də toxunan Şara, SDQ-nin Dəməşq rəhbərliyinə inteqrasiyasını nəzərdə tutan 10 mart razılaşmasını tarixi adlandırır. O, SDQ-nin “bəzən meydanda, danışıqlarda və mediada söylədiklərinə zidd siqnallar verdiyini” vurğulayıb.

Suriyada Dəməşq rəhbərliyi ilə terror təşkilatı PKK/YPG-nin qolu olan SDQ arasında inteqrasiya prosesində konkret addımın atılmaması Şaraa hökumətini hərbi müdaxiləyə sövq edə bilər.

Birləşmiş Ərəb Əmirlikləri mərkəzli "The National" qəzetinin suriyalı təhlükəsizlik mənbələrinə istinadən verdiyi xəbərə görə, əgər SDQ qüvvələri oktyabr ayına qədər Rakka və Deyr əz-Zordan çəkilib buradakı kritik infrastruktur və qurumların təhvil verilməsi ilə bağlı konkret irəliləyişə nail olunmazsa, bölgəyə əməliyyat keçiriləcək.

Xəbərdə Palmira bölgəsində Dəməşqə bağlı 50 minlik qüvvənin toplandığı və əhalisinin böyük hissəsini etnik ərəblərin təşkil etdiyi Rakka və Deyr əz-Zor idarələrinin ələ keçirilməsinin hədəfləndiyi iddia olunur.

SDQ-nin nəzarətində olan bu bölgələr enerji və karbohidrogen yataqları baxımından ölkə üçün kritik əhəmiyyət daşıyır. "The National"-a danışan mənbələrdən biri, mümkün hərbi müdaxilənin reallaşması üçün ABŞ-nin yaşıl işıq yandırmasının lazım olduğunu və həmçinin Vaşinqtondan olası bir Dəməşq-SDQ qarşıdurmasına İsrailin müdaxilə etməyəcəyinə dair zəmanət gözlənildiyini ifadə edib.

Dəməşq və SDQ arasında 10 martda imzalanan inteqrasiya razılaşmasından sonra son aylarda ABŞ vasitəçiliyi ilə aparılan danışıqlardan hələlik nəticə əldə olunmayıb.

Seçilən
9
6
cebheinfo.az

10Mənbələr