Cənubi Koreya və ABŞ Silahlı Qüvvələri Koreya yarımadasının cənubunda 28 avqusta qədər davam edəcək irimiqyaslı "Ulchi Freedom Shield" təlimlərinə başlayıblar.
Day.Az xəbər verir ki, məlumatı "Yonhap" agentliyi yayıb.
Bildirilib ki, təlimlərin məqsədi birgə müdafiə imkanlarını gücləndirmək, əməliyyat uyğunluğunu artırmaq və real təhdidlər zamanı bütün sahələrdə koordinasiyalı fəaliyyətləri məşq etməkdir. Manevrlərə təxminən 18 min cənubi koreyalı hərbçi qatılacaq.
Pxenyan isə ənənəvi olaraq bu cür təlimləri KXDR-ə müdaxilə ssenarisi adlandırır. Cənubi Koreya və ABŞ isə manevrlərin sırf müdafiə xarakteri daşıdığını bildirirlər. Avqustun 11-də KXDR müdafiə naziri No Qvan Çxol təlimləri kəskin tənqid edib və Pxenyanın özünümüdafiə hüququnu qoruyacağını açıqlayıb.
Məlumata görə, isti hava şəraiti və bəzi poliqonların yararsız olması səbəbindən təlimlərin bir hissəsi sentyabr ayına keçirilib.
Bununla yanaşı, "Ulchi Freedom Shield" çərçivəsində Cənubi Koreya hökumətinin mülki müdafiə təlimləri də təşkil olunacaq. Təxminən 580 min dövlət qulluqçusunun qatılacağı məşqlər çərçivəsində avqustun 20-də bütün ölkədə hava həyəcanı zamanı davranış qaydaları üzrə praktiki məşq keçiriləcək.