AZ

İbrahim Ethem Atnur: Azərbaycanın ABŞ-də Ermənistanla razılaşması Türkiyənin ziyanına olmaz -SÖHBƏT

Belə bir müqavilə imzalanarsa, müəyyən təminatlar olmalıdır

Amerikanın Qafqazdakı rolunun uzun sürəcəyini düşünmürəm

Cənubi Qafqaz regionu son illər yeni geosiyasi proseslərin mərkəzinə çevrilib. Xüsusilə Ermənistan, Azərbaycan və Türkiyə arasında artan təmaslar və aparılan müstəqil danışıqlar bölgədə sabitliyə ümid versə də, bu proseslər böyük güclərin-ABŞ, Rusiya və İranın maraqları fonunda daha da mürəkkəbləşir. 
Məhz bu fonda Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün planlaşdırılması və mümkün müqavilənin bağlanacağına dair yayılan məlumatlar diqqət mərkəzindədir. Görünən odur ki, bu təşəbbüs bir tərəfdən bölgədə sülhün təmin olunması baxımından önəmli sayılsa da, digər tərəfdən Rusiya və İran kimi güclərin ciddi narahatlığına səbəb olur. 

Türkiyəli Qafqaz üzrə ekspert, Türkiyə Milli Müdafiə Universiteti professoru İbrahim Ethem Atnur ABŞ-nin Qafqaz siyasəti, Rusiya və İranın reaksiyaları, Türkiyə və Azərbaycanın maraqları, eləcə də bölgədə sülhün perspektivləri barəsində Sherg.az-ın suallarını cavablayıb:

Vaşinqtonda Ermənistan-Azərbaycan arasında çərçivə sazişi imzalana bilərmi?
Hesab edirəm ki, çərçivə sazişi imzalana bilər. Lakin Ermənistan hələ də Konstitusiyaya heç bir dəyişiklik etməyib.

Bu hadisələr Türkiyə və Azərbaycanın xeyrinə olacaqmı?
Konkret məlumat olmadan çox şey deyə bilmərəm. Amma çox da əlehlərinə olacağını düşünmürəm. Son zamanlar ABŞ Avropa İttifaqı kimi, həm Mərkəzi Asiyada, həm də Qafqazda fəal olmağa çalışır. Eyni zamanda rəsmi Vaşinqton İran zərərsizləşmişkən, Çin və Rusiyaya rəğmən Zəngəzur dəhlizində öz təsirini göstərmək istəyir.


ABŞ-nin Zəngəzur marağı Türkiyə və Azərbaycanı narahat edə bilərmi? 
Bu, şübhəsiz ki, Türkiyəni narahat edəcək. Türkiyə- Azərbaycan bu dəhlizdə özlərinin və Ermənistanın olmasını istəyirlər. Amma Tramp və onun komandası da Qafqazda təsir göstərmək arzusundadır.

ABŞ Qafqazda nə vaxta qədər rolunu davam etdirəcək?
Amerikanın Qafqazdakı rolunun uzun sürəcəyini düşünmürəm. Bu həm Rusiya, həm də İran üçün çox narahatedici vəziyyətdir. Amma İran səsini ucaltmaq iqtidarında deyil. Məncə, biz gözləməliyik və görməliyik.

Hazırda ABŞ-Türkiyə münasibətləri necədir?
Trampın Türkiyə ilə münasibətləri son vaxtlar çox yaxşı olmasa da pis deyil. 

ABŞ-nin Cənubi Qafqaz siyasətinin əsas hədəfi kimdir?
Ermənistanın gücü zəif olduğuna görə ABŞ onun üzərindən irəlləyəcək. ABŞ-nin Türkiyə və Azərbaycanın milli maraqlarına çox zərər verəcəyini güman etmirəm. Amerika müəyyən mənada Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmağa çalışır. O, Rusiyanın təsir dairəsini azaltmaq niyyətindədir. Bu isə təbii olaraq Moskvanın narazılığına səbəb olur.

Ermənistanla bağlı aparılan müstəqil danışıqlar regionda hansı narahatlıqlara səbəb olur?
Azərbaycan və Türkiyə arasında Ermənistanla bağlı aparılan müstəqil danışıqlar, o cümlədən Azərbaycan Prezidentinin Ermənistan Prezidenti ilə son təkbətək görüşləri Rusiyanı ciddi şəkildə narahat edib. Bu vəziyyət İranın hazırkı prezidentini o qədər də narahat etməsə də, ölkənin dini liderini təşvişə salır.
Əsas narahatlıq Rusiyadadır. Bu səbəbdən, Rusiya son vaxtlar Azərbaycana qarşı müxtəlif təzyiq alətləri tətbiq etməyə başlayıb. Eyni zamanda Ermənistanda hakimiyyəti devirmək üçün bir sıra cəhdlərə əl atır. Mətbuatda Rusiyanın Ermənistanda silah toplamaq məqsədilə müxtəlif tədbirlər həyata keçirdiyinə dair məlumatlar yayılır. Bu iddiaların doğruluğu ciddi şəkildə yoxlanmalıdır.

Çərçivə sazişi imzalanması daha sonra konkret razılaşmaya çevriləcək?
Çox çətin ki, bu hal baş versin. Amma belə bir müqavilə imzalanarsa, müəyyən təminatlar olmalıdır. Sağlam qarantiya verilməlidir. 

Azərbaycanın Ermənistanla ABŞ-də razılaşmasını Türkiyə necə qarşılayacaq?
Azərbaycanın Amerikada Ermənistanla razılaşması Türkiyənin ziyanına olmaz. Çünki Azərbaycan Türkiyənin əlehinə heç bir addım atmaz. 

Rusiyanın regionla bağlı planı nədir?
Rusiya bu regionda qalıcı olmaq istəyir. Qafqazı, Türküstanı və Ukraynanı öz tarixi əraziləri kimi görür. Müəyyən mənada onlara atasının malı kimi baxır. Həmişə söz sahibi olmaq istəyir. 

Sizcə ABŞ regionda söz sahibidir?
Bu gün Amerika regionda söz sahibi olsa belə, mən bundan tam razı qalmazdım. Amma fərz edək ki, o söz haqqına sahib oldu. O zaman da regionda uzun müddət qalmayacaq.
Rusiya-ABŞ arasında fərq var. Bu, “Rusiya getsin, Amerika gəlsin” demək deyil. Burada ən düzgün yanaşma Türkiyə, Ermənistan və Azərbaycanın öz aralarında qurduqları müsbət dialoqu yekunlaşdırmasıdır. Bunun razılaşmaya çevrilməsi regionun gələcəyi və sülh üçün çox vacibdir. 

Bölgəyə sülh nə zaman gələcək?
İmperialist güclər-istər Rusiya, istərsə də Amerika Ermənistanı özlərinə alət edəndə bu bölgəni xaosa, qana, göz yaşına qərq edirlər. Ona görə də regionda yenidən qan tökülməsinə səbəb ola biləcək vəziyyətdən qaçmaq üçün ən yaxşı addım üç ölkənin öz problemlərini həll etmələridir. Buna ən böyük maneə Ermənistan konstitusiyasındakı həm Azərbaycanın, həm də Türkiyənin ərazi bütövlüyünə dair iddialara sahib olan maddələrdir. Bunlara nail olunduqdan sonra bölgəyə sülh qayıdacaq.
Seçilən
63
50
sherg.az

10Mənbələr