AZ

"Baku TV"nin reportajı: ABŞ, Azərbaycan və Ermənistan sammitinə Rusiya təbliğat maşınının reaksiyası

Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammitindən sonra Rusiya təbliğatı Azərbaycana və onun rəhbərliyinə qarşı təhqir və hədələrlə dolu açıqlamalar səsləndirib.

“Report” xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı reportajda deyilir.

Rusiyalı teleaparıcı Vladimir Solovyov Xəzər dənizi hövzəsində NATO bazasının yerləşdirilməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib və yeni “xüsusi hərbi əməliyyat” keçirməyə çağırıb.

Bu cür bəyanatları Dövlət Dumasının bəzi deputatları, o cümlədən kəskin açıqlamaları ilə tanınan general Andrey Qurulyov dəstəkləyib. O, Azərbaycandan idxal olunan mallara qadağa tətbiq edilməsini və Rusiyadakı azərbaycanlı sahibkarlara “təzyiq göstərilməsini” təklif edib. Açıq şəkildə bildirib ki, xüsusi hərbi əməliyyat nisbi anlayışdır və onun coğrafiyası Rusiya ilə sərhədi olan bütün ölkələri əhatə edə bilər.

Hərbi müxbir Yuri Podolyaka isə bildirib ki, Bakının mövqeyindəki dəyişiklik və Ukraynaya silah tədarükünə embarqonun ləğvi fonunda Rusiya ilə Azərbaycan arasında müharibə nəzəri mülahizədən real ehtimala çevrilir.

Bu cür açıqlamalar göstərir ki, söhbət artıq tək bir təbliğatçının təxəyyülündən yox, Rusiyanın hakimiyyət və güc strukturlarına yaxın şəxslərin məqsədyönlü gərginlik yaratmasından gedir.

Emosional çıxışlara baxmayaraq, təbliğat nitqlərində bir məntiqli fikir də səslənib – Rusiya diplomatik səylərini artırmalıdır. Lakin qeyd olunub ki, bu, Moskvaya hörmət nümayiş etdirmək üçün deyil, son səkkiz ayda Azərbaycanla münasibətlərdə buraxılmış səhvləri düzəltmək üçün edilməlidir. Kremlin bunu başa düşəcəyi təqdirdə, ilk növbədə AZAL təyyarəsinin vurulmasına görə günahın etiraf edilməməsi böyük səhv kimi qiymətləndirilməlidir. Lazım olan ilkin addımlar – günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi olmalıdır. Əks halda eskalasiya baş verərsə, bu, xüsusilə Zəngəzur dəhlizinə artan beynəlxalq marağı nəzərə alaraq, Rusiya üçün ciddi sınağa çevrilə bilər.

Azərbaycan isə təhqir və hədələrə baxmayaraq, uğurla inkişaf etməkdə davam edir. Burada dövlət başçısı İlham Əliyevin rolunu qeyd etməmək olmaz – o, yalnız istedadlı siyasətçi və diplomat deyil, həm də uğurlu biznesmen kimi özünü təsdiqləyib.

Avqustun səkkizində Vaşinqtonda imzalanmış sazişlər region ölkələri üçün ciddi zəmanətlər və iqtisadi üstünlüklər təmin edib, ABŞ Prezidenti Donald Tramp və dünya maliyyə dairələrinin bir hissəsi ilə əməkdaşlıq üçün yeni imkanlar açıb. Moskva inadla təbliğat və təhdidlərini davam etdirərkən, karvan Zəngəzur dəhlizi ilə irəliləyərək güclü və inamlı regional liderə çevrilmiş Azərbaycana hörmət edənlərə qazanc gətirir.

Belə şəraitdə hədələrə və təhqirlərə əl atan Rusiya təbliğatçıları və bəzi siyasətçilər getdikcə daha təsirsiz görünür, halbuki Azərbaycan konstruktiv beynəlxalq münasibətlər quraraq irəliləməkdədir.

Seçilən
7
50
report.az

10Mənbələr