AZ

Zəngəzur dəhlizi - Azərbaycan haradadırsa, Türkiyə də oradadır

Artıq bir neçə saat sonra Azərbaycan və ABŞ prezidentləri, həmçinin Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin iştirakı ilə görüşlər keçiriləcək, sonda sənədlər imzalanacaq. Bu mühüm və tarixi  sənədlər həm də uzun müddətdir müzakirə olunan  Zəngəzur dəhlizi üçün həyata vəsiqə olacaq. 

Zəngəzur dəhlizi məsələsi 2020-ci ilin 44 günlük savaşı bitdikdən dərhal sonra gündəlikdə idi. Azərbaycan burada əsas tələblə çıxış edirdi: Ölkənin əsas torpağından Naxçıvana və əksinə hərəkət maneəsiz təmin olunmalıdır. 

Bu tələb, əlbəttə ki, bir sıra dövlətləri narahat edir, hər vəchlə onun reallaşmasına imkan verməməyə çalışılırdı. Ermənistan da bu vəziyyətdən istifadə edib öz maraqlarına uyğun təşəbbüslər irəli sürür, onun Fransa kimi xarici havadarları da Azərbaycanı bu təşəbbüslərlə razılaşmağa məcbur etməyə çalışırdılar. 

Yəni mürəkkəb bir durumla üz-üzə qaldığımızdan məsələ həllini tapa bilmirdi.

Mövcud durumda  Türkiyənin prosesə qoşularaq onu irəli aparacağına ümidlər varıydı. Lakin aradan keçən 5 ilə qədər müddətdə bu baş vermədi. Daha doğrusu, qardaş ölkə çalışdı, lakin nəticə əldə edilmədi.

İndi Azərbaycan və Ermənistan rəhbərləri Vaşinqtondadır. ABŞ Prezidenti Donald Tramp həm də Zəngəzur dəhlizi məsələsində son nöqtəni qoymaqla bağlı razılıq əldə edib. Yəni Ermənistan daşı ətəyindən töküb. Azərbaycan da elə məhz 5 ilə yaxındır ki, bunun üçün çalışırdı. Bizim dövlətimiz çalışırdı ki, Ermənistan razılaşsın, dəhliz qurulsun və işə başlasın. 8 avqust 2025-ci ildən bununla bağlı prinsipial razılaşma qüvvədə olacaq.

Könül istərdi ki, ABŞ-yə qədər qardaş Türkiyə bu məsələdə uğur qazansın. Amma alınmadı. Təbii ki, alınmamanın səbəbi Türkiyənin özündə deyil, daha böyük qlobal güclərin ortada olmasındadır.

Bizə görə, ABŞ-nin indiki halda bu prosesdə olması mühüm əhəmiyyət kəsb edir. Çünki ABŞ tək başına dünya gücünə çevrilib. Onun Prezidenti Donald Tramp isə şəksiz dünya lideridir. Belə bir dövlətin məsələyə əl qoyması heç kimdə, o cümlədən Azərbaycanla ət və dırnaq qədər iç-içə olan qardaş Türkiyədə suallara səbəb olmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyəti dövründə həm də Türkiyənin maraqlarını düşünüb, ona uyğun davranıb. Bu dəfə də istisna deyil.

Yeri gəlmişkən onu da vurğulayaq ki, bu dəhlizin işə düşməsindən hamı, özəlliklə də qardaş Türkiyə qazanacaq. Yəni dəhliz açılınca Türkiyə quru yoluyla Azərbaycanın tam da içərilərinə, oradan da Orta Asiya – türk dünyasına daha rahat açıla biləcək.

Bəzən iki qardaş ölkə olaraq Azərbaycanla Türkiyənin birlikdə həll edə bilmədiyi məsələlər də olur. Bu zaman yaxın tərəfdaş olan ölkələrin prosesə cılb edilməsi vəziyyətdən çıxış yolu olur. Zəngəzur dəhlizi məsələsi də o qəbildəndir. Yəni Azərbaycan məsələni həm də qardaş Türkiyə ilə həll etmək üçün düz 4 il yarım çalışdı.

Amma alınmayınca dünyanın bir nömrəli gücü olan ABŞ ilə işi birdəfəlik həll etdi. Bu həll isə yalnız Azərbaycana deyil, həm də qardaş Türkiyəyə, o cümlədən digər türk dövlətlərinə çox gərəklidir. Yəni bu gün kimsə düşünməsin ki, Türkiyə bu məsələdə kənarda qalacaq. Əsla. Azərbaycan haradadırsa, Türkiyə də oradadır. Bizim olduğumuz yerdə elə Türkiyə də var. Ona görə də heç kəs bu məsələdən iki qardaş xalq; bir millət – iki dövlət arasında suyu bulandırmaq üçün istifadə etmək fikrinə düşməsin.

Azər Həsrət


Seçilən
8
50
qafqazinfo.az

10Mənbələr