“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”-Ulu Öndər Heydər Əliyev
Hər bir xalqın mövcudluğu və gələcəyə inamla irəliləməsi onun ana dilinin qorunması və inkişafı ilə birbaşa bağlıdır. Ana dili xalqın milli yaddaşını, mədəni dəyərlərini, dünyagörüşünü və mənəvi irsini nəsildən-nəslə daşıyan müqəddəs bir xəzinədir. Bir millətin milli kimliyinin yaşaması üçün dilin qorunması zəruridir. Azərbaycan dili tarixən çətin və mürəkkəb dövrlərdən keçmiş, lakin xalqımızın əzmkarlığı, ziyalıların fədakarlığı və dövlət rəhbərlərinin prinsipial mövqeyi nəticəsində dövlət dilimizə çevrilmişdir. XX əsrin 30-cu illərində dil məsələsinə toxunan ziyalıların ağır repressiyalara məruz qalması, ana dili uğrunda səslənən fikirlərin sərt şəkildə boğulması sovet totalitarizminin siyasətinin göstəricisi idi. Hətta müttəfiq respublikaların rəhbərləri belə, ana dilinin müdafiəsinə qalxmaqdan çəkinirdilər. Belə bir tarixi şəraitdə dil məsələsini gündəmə gətirmək, onun hüquqi statusunu tələb etmək böyük cəsarət və milli iradə tələb edirdi. 1970-ci illərdən etibarən milli dillərin sıxışdırılmasına qarşı bəzi təşəbbüslər baş qaldırmağa başladı, lakin bu sahədə əsas dönüş Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə baş verdi.
Dövlətçiliyimizin memarı Heydər Əliyev Azərbaycan dilinə qarşı yönəlmiş təzyiqlərə baxmayaraq, hər zaman milli dilimizin qorunmasında ardıcıl və prinsipial mövqe sərgiləmişdir. O, xalqı və ziyalı təbəqəni dilin qorunması uğrunda səfərbər olmağa çağırmış, çıxışlarında dilin təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın varlığının ifadəsi olduğunu xüsusi vurğulamışdır. SSRİ Konstitusiyasının müzakirəsi zamanı Heydər Əliyevin dilin hüquqi statusu ilə bağlı çıxışları onun bu məsələdə nə qədər prinsipial olduğunu bir daha göstərmişdir. Azərbaycan dilinin hüquqi status alması da məhz Ulu Öndərin təşəbbüsü ilə mümkün olmuşdur. 1978-ci il tarixli Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" müddəasının salınması, həmin dövr üçün çox mühüm və cəsarətli addım idi. Bu müddəa dilimizin dövlət səviyyəsində tanınmasına və gələcəkdə müstəqil Azərbaycan dövləti üçün möhkəm əsaslar yaratdı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. 1995-ci ildə qəbul olunan Konstitusiyada da Azərbaycan dili dövlət dili kimi təsbit olundu və bu, milli dövlətçiliyin mühüm təməl daşlarından biri oldu. Ulu Öndərin ana dilinə bağlılığı, onun inkişafı və tətbiqi ilə bağlı siyasəti ardıcıl şəkildə davam etdirildi. 2001-ci ilin 18 iyununda imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla bu sahədə kompleks tədbirlərə başlanıldı. Dövlət Dil Komissiyasının yaradılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və ictimai maarifləndirmə tədbirləri həmin fərmanın əsas istiqamətlərindən idi. Elə həmin il 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması barədə verilmiş Fərman isə ana dilinə dövlət səviyyəsində ehtiramın bariz nümunəsi oldu.
Prezident İlham Əliyev də bu sahədə ardıcıl və müasir yanaşmalarla zəngin fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə dövlət dilinin tətbiqi və inkişafı istiqamətində bir sıra mühüm sərəncam və proqramlar həyata keçirilib. 2004-cü il yanvarın 12-də imzalanmış "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam bu sahədə mühüm mərhələ oldu. Eləcə də, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşri” ilə bağlı sərəncamlar dilin həm elmi, həm də bədii sahədə tətbiqinə şərait yaratdı. 2013-cü ildə qəbul olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı” və 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə bu sahədə məqsədyönlü və sistemli siyasətin davamı oldu. Bu sənədlər sübut edir ki, Azərbaycan dövləti ana dilini təkcə tarixi miras deyil, həm də gələcəyə yönəlmiş milli inkişaf faktoru kimi qiymətləndirir.
Prezident İlham Əliyevin gündəlik fəaliyyəti, ictimai çıxışları və rəhbərlik etdiyi qərarlar ana dilinə verdiyi böyük dəyərin göstəricisidir. O, dilin təmizliyinin qorunması, rəsmi sənədlərdə və kütləvi informasiya vasitələrində düzgün istifadəsi, gənc nəslin ana dilində keyfiyyətli təhsil alması kimi məsələləri daim diqqətdə saxlayır. Dilimizin tətbiq dairəsinin genişlənməsi, müasir texnologiyalarla uzlaşdırılması və beynəlxalq platformalarda tanıdılması üçün görülən işlər bəzən adi görünə bilər, lakin onların strateji əhəmiyyəti böyükdür. Bütün bunlar göstərir ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığımızın daşıyıcısı, suverenliyimizin ifadəsidir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bu dəyərin cəmiyyətə bir daha xatırladılması, ana dilimizin qorunması və gələcək nəsillərə çatdırılması yolunda həmrəyliyimizin ifadəsidir.
Samirə Hüseynova