AZ

Heydər Əliyevin strateji baxışında Azərbaycan dili

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü dilin milli-mənəvi dəyər kimi formalaşmasında mühüm mərhələni simvolizə edən əlamətdar tarixdir. Bu günün təməli, dövlət və dil münasibətlərində köklü dəyişikliklərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli Lider deyirdi ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər: "Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək incəliklərinə qədər bilsin və dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik".

Şübhəsiz ki, Azərbaycan xalqının milli-mədəni kimliyini ifadə edən əsas simvollardan biri onun dilidir. Hər bir xalqın dili onun tarixini, dünyagörüşünü, adət-ənənələrini və milli yaddaşını yaşadan bir xəzinədir. Azərbaycan xalqı da öz dilini əsrlər boyu qoruyub, inkişaf etdirib və bu dili dövlət dili səviyyəsinə yüksəldib.

Müstəqillik dövründə isə bu dil yalnız ünsiyyət vasitəsi kimi deyil, dövlətçiliyin başlıca əlamətlərindən biri kimi təsbit olunub. Lakin xüsusilə XX əsrin 30-cu illəri Sovet İttifaqında ciddi siyasi repressiyalarla yadda qaldı. Bu dövr təkcə iqtisadi və sosial sahədə deyil, həm də milli-mədəni dəyərlərin, xüsusilə də ana dilinin sıxışdırılması və milli kimliyin aradan qaldırılması istiqamətində həyata keçirilən amansız siyasətlə xarakterizə olunur. Azərbaycanda da bu siyasətin əsas hədəflərindən biri Azərbaycan dili və onu müdafiə edən ziyalılar idi. 1930-cu illərdə Azərbaycan dilinin hüquqi statusu, onun məktəblərdə və dövlət idarələrində istifadəsi ilə bağlı fikir bildirən, bu mövzuda çıxış edən ziyalılar, müəllimlər, yazıçılar "millətçi", "pantürkist" və ya "antisovet düşüncəli" damğası ilə repressiyalara məruz qalırdılar. Onların əksəriyyəti ya həbs edilirdi, ya da Sibirə sürgün olunurdu. Məsələn, həmin illərdə Azərbaycan ədəbiyyatının və dilçiliyinin tanınmış simalarından olan bir çox şəxs əsassız ittihamlarla ya edam olunub, ya da uzun illər sürgün həyatı yaşayıb. Hətta milli respublikaların rəhbərləri belə ana dili məsələsini açıq şəkildə gündəmə gətirməkdən çəkinirdilər, çünki bu məsələni qaldırmaq sovet ideologiyasına qarşı çıxmaq kimi qiymətləndirilə bilərdi. Rəhbərlər öz siyasi gələcəklərini riskə atmamaq üçün ana dilinin müdafiəsi məsələsində ya susurdular, ya da onu arxa planda saxlayırdılar. Beləliklə, dövlət səviyyəsində dil siyasəti əsasən rus dilinin hegemonluğu üzərində qurulmuşdu. Bu dövrdə ana dilinə sahib çıxmaq, onu müdafiə etmək sadəcə mədəni bir təşəbbüs deyil, ciddi siyasi risk və cəsarət tələb edən bir mövqe idi. Qorxu və təqib atmosferi cəmiyyətin dilə münasibətini formalaşdırır, insanların ana dillərində danışmaqdan, yazmaqdan, xüsusilə də bu dili təbliğ etməkdən çəkinməsinə səbəb olurdu. Belə bir şəraitdə Azərbaycan dili öz varlığını yalnız xalqın daxili müqaviməti və mədəniyyəti qoruma iradəsi hesabına yaşada bildi.

Təəssüf ki, 1970-ci illərin ortalarından başlayaraq Sovetlər İttifaqında mərkəzi hakimiyyət dil məsələsini yenidən gündəmə gətirdi. Həmin illərin əvvəllərindən Sovet İttifaqında milli dillərin istifadəsinə qarşı olan təzyiqlər gücləndi. İlin ortalarına doğru, xüsusilə 1974-cü ildə mərkəzi hakimiyyət dil məsələsini daha kəskin şəkildə gündəmə gətirdi. Bu dövrdə rus dilinin "xalqların ünsiyyət dili" kimi üstünlüyü vurğulanmağa başlandı və milli dillərin istifadəsi məhdudlaşdırıldı. 1975-ci ildə sovet rəhbərliyi rus dilinin təhsil, elm və dövlət idarələrində istifadə edilməsini məcburi hala gətirmək üçün təlimatlar yayımladı. 1976-cı ildə isə "Beynəlxalq Dil Günü" və digər tədbirlərdə rus dilinin rolu daha da artırıldı. Bu dövrdən etibarən ruslaşdırma siyasəti yeni mərhələyə qədəm qoydu. 1977-ci ilin oktyabr ayında qəbul edilən SSRİ Konstitusiyası isə milli dillərin hüquqlarını formal olaraq tanısa da, əslində, "vahid sovet xalqı" və "sovet milləti" anlayışları ilə milli identiklikləri arxa plana keçirmək məqsədi güdürdü. Bu sənəd rus dilinin prioritetliyini hüquqi əsaslara bağladı və assimilyasiya siyasətini möhkəmləndirdi. Bu konsepsiya sadəcə ideoloji doktrina deyil, həmçinin dil siyasəti vasitəsilə həyata keçirilən sistemli assimilyasiya prosesinə çevrildi. Rus dilinin "xalqların ünsiyyət dili" adı altında rəsmiləşdirilməsi isə bu siyasətin əsas sütunlarından biri oldu. SSRİ rəhbərliyi rus dilinin vahid kommunikasiyaya xidmət etdiyini iddia edərək təhsil, elm, idarəçilik, hərbi və texniki sahələrdə onun məcburi istifadəsini təmin etməyə başladı.

Rəsmi sənədlərdə milli dillərin bərabərhüquqlu olduğu göstərilsə də, reallıqda bu, belə deyildi. Azərbaycan dili təhsil sistemindən sıxışdırılır, dövlət idarələrində ikinci plana keçirilir, elmi və texniki terminologiyada istifadəsi azaldılırdı. Təbii ki, bu vəziyyət Azərbaycan da daxil olmaqla, digər ittifaq respublikalarında da ciddi narahatlıq doğururdu. Bütün bu ideoloji və siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı və ziyalıları ana dilinə olan bağlılığını qoruyub saxladı. Dilin gündəlik həyatda yaşaması üçün göstərilən səylər bu assimilyasiya dalğasına qarşı mənəvi sipər rolunu oynadı. 

Belə bir dövrdə ana dilinin qorunması və rəsmi statusunun möhkəmləndirilməsi ciddi siyasi iradə və şəxsi cəsarət tələb edirdi. Məhz bu mürəkkəb və təhlükəli şəraitdə Ulu Öndər Heydər Əliyev öz xalqının milli-mənəvi dəyərlərinə, o cümlədən Azərbaycan dilinə olan sarsılmaz bağlılığını və qətiyyətli mövqeyini ortaya qoydu. 1970-ci illərdən etibarən Azərbaycanın siyasi rəhbəri olaraq Heydər Əliyev dövlətin yüksək idarəetmə pilləsində bu məsələnin prioritet olmasını təmin etdi. Nəhayət, 1978-ci ilin aprel ayında qəbul edilən Azərbaycan SSR Konstitusiyası sovet tarixində bir ilkə imza atdı. Məhz Heydər Əliyevin təşəbbüsü, prinsipiallığı və qətiyyəti nəticəsində Konstitusiyanın 73-cü maddəsinə "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" bəndi əlavə edildi. Bu qərar yalnız hüquqi norma deyildi, Azərbaycan xalqının milli özünüdərkini, dilinə və kimliyinə sahib çıxmaq iradəsini rəsmi şəkildə təsbit edən siyasi bir akt idi. Həmin ildə atılan bu tarixi addım Azərbaycan dilinin hüquqi statusunun təməlini qoydu.  Beləliklə, Heydər Əliyevin 1978-ci ildəki tarixi təşəbbüsü təkcə sovet dönəmi üçün yox, ümumilikdə Azərbaycan xalqının milli yaddaşında unudulmaz iz qoymuş siyasi və mədəni aktdır. Bu təşəbbüs sayəsində Azərbaycan dili təkcə rəsmi status qazanmayıb, həm də xalqın öz dilinə olan sevgisi, inamı və bağlılığı daha da güclənib.

Əlbəttə ki, 1970-1980-ci illərdə milli dillərin sıxışdırıldığı bir zamanda Azərbaycan dili dövlət səviyyəsində qorunub və hüquqi status qazanıb. Bu fakt bir daha sübut etdi ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, milli varlığın əsas dayağıdır. 

Heç şübhəsiz ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası üçün dil məsələsi milli kimliyin və dövlətçiliyin əsas dayaqlarından biri idi. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunsa da, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi ilə bağlı ayrıca normativ hüquqi aktın qəbuluna ehtiyac duyulurdu. Həmin ilin Konstitusiyası ilə müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili bir daha təsdiq olundu. Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması rəsmən təsbit edildi. Bundan başqa, 2001-ci il 18 iyun tarixində imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsində dönüş nöqtəsi oldu. Bu fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Elə həmin il avqustun 9-da imzalanan digər bir fərmanla isə avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu. 

30 sentyabr 2002-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun Azərbaycan dilinin hüquqi statusunu və tətbiq sahələrini daha da möhkəmləndirdi. Bu qanun sadəcə hüquqi sənəd deyil, milli dilin siyasi, ictimai və mədəni səviyyədə tanınmasının rəsmiləşdirilməsi idi. Qanunla Azərbaycan dili dövlət idarəçiliyində, qanunvericilikdə, məhkəmə sistemində və təhsildə əsas dil kimi təsbit olundu. Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi və qorunması dövlətin vəzifəsi kimi rəsmiləşdirildi. Bu baxımdan da Ulu Öndər Heydər Əliyev dil məsələsində cəmiyyətin maarifləndirilməsi və milli kimlik məsələlərinin açıq müzakirəsi üçün münbit zəmin yaratmağa nail oldu. Yazıçılar, alimlər, müəllimlər və mədəniyyət xadimləri dilin inkişafı və qorunması istiqamətində fəal mövqe tutmağa başladılar. Bu proses milli dirçəlişin başlanğıcı oldu və xalqın öz dəyərlərinə olan inamını daha da gücləndirdi. Çünki Heydər Əliyev dil məsələsinə təkcə mədəni deyil, dövlət siyasəti səviyyəsində yanaşırdı. O, hər zaman çıxışlarında Azərbaycan dilinin zənginliyini vurğulayıb, onun şeir dili, xalqı birləşdirən vasitə, mədəniyyət daşıyıcısı və müstəqil dövlətin əsas atributlarından biri olduğunu qeyd edirdi. 

Prezident İlham Əliyevin bu sahədəki ardıcıl siyasəti sübut edir ki, Azərbaycan dili nəinki qorunur, həm də inkişaf etdirilir və dünya azərbaycanlılarını birləşdirən mənəvi körpü rolunu oynayır. Bu da dövlətçiliyimizin güclənməsi və milli birliyimizin möhkəmlənməsi üçün zəruri şərtlərdən biridir. Prezident İlham Əliyev Azərbaycan dilinin qloballaşma və texnologiya əsrində qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb. Dövlət başçısı 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam imzalayıb. Bu sənəd müasir dil modelinə keçidi sürətləndirdi. 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Bu proqramla dilin elektron məkanda mövqeyinin möhkəmləndirilməsi, terminoloji problemlərin həlli və tədris sistemində dilin keyfiyyətli istifadəsi əsas hədəflər kimi müəyyənləşdirilib. 2018-ci ildə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında" fərmana əsasən,  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb və dilin istifadəsinə nəzarət funksiyası gücləndirilib.

Bütün bunların ən mühüm tərəflərindən biri də dilimizin diaspor həyatında gücləndirilməsinə xidmət etməsidir. Azərbaycan dili hazırda dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının milli mənsubiyyətini qoruyan əsas vasitədir. Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünüifadə ehtiyaclarının təmin olunması məqsədilə hüquqi zəmanətlər yaradılıb. Bu məqsədlə dövlətin məsuliyyəti müəyyən edilir və xaricdə fəaliyyət göstərən tədris, mədəniyyət və diaspor təşkilatlarının işi hüquqi cəhətdən dəstəklənir. Bu da yalnız keçmişin ideoloji məhdudiyyətlərinə cavab olaraq deyil, həm də gələcək nəsillər üçün dilimizin saflığının, zənginliyinin və funksionallığının təminatıdır.

Bu faktlar bir daha onu göstərir ki, bugünkü azad və dövlət dili statusuna malik Azərbaycan dilinin arxasında yüzlərlə fədakar insanın mücadiləsi və bəzən də həyatı bahasına başa gəlmiş mübarizəsi dayanır. Tarixdən dərs almaq, bu dildə danışmaqla yanaşı, onu qorumaq və inkişaf etdirmək hər birimizin mənəvi borcudur. Bu gün Azərbaycan dili dövlət dili statusuna malikdir və müstəqil bir ölkənin simvoludur. Lakin tariximizi xatırlamaq və dilin hansı çətinliklərdən keçərək bu səviyyəyə gəlib çatdığını anlamaq onun gələcəyini qorumaq üçün vacibdir.

Sevil MİKAYILOVA, 

Milli Məclisin deputatı

Seçilən
100
17
azerbaijan-news.az

10Mənbələr