Vətən torpaqla başlanır, dillə tamamlanır
Dil açanda ilk dəfə ‘ana’ söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
Yazıya Azərbaycanın böyük şairi, xalqımızın milli ruhunu poeziyasında yaşadan Bəxtiyar Vahabzadənin bu məşhur misraları ilə başlamağımız təsadüfi deyil. Çünki bu misralarda sonsuz dərin məna, doğmalıq, nə qədər tarixi yaddaş gizlənib! Bu gün dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də istiqlalımızın, dövlətçiliyimizin, milli mənəviyyatımızın canlı ifadəsidir. Bu dil bizi birləşdirir, köklərimizə bağlayır, bizi xalq edən, millət edən mənəvi gücə çevrilir.
Tarix boyu ana dilinə sahib çıxmaq, onu qorumaq və yaşatmaq hər bir xalq üçün varlıq mübarizəsi qədər əhəmiyyətli olub. Azərbaycan xalqı da bu müqəddəs dəyərlə əsrlərin sınağından keçib. Bu mənəvi xəzinəyə göstərilən qayğının ən bariz nümunələrindən biri də 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar tarix Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunaraq, təkcə əlifbamıza qayıdışın rəsmi bayramı deyil, həm də ana dilimizə olan dərin ehtiramın və milli yaddaşımızın mübarək simvoluna çevrilib. Dilimizi qorumaq, zənginləşdirmək və onu sonrakı nəsillərə təmiz və bütöv şəkildə ötürmək həm keçmişə minnətdarlıq, həm bu günə ehtiram, həm də gələcəyə dair bir öhdəlikdir. Çünki ana dilini yaşatmaq, xalqı yaşatmaqdır…
Dilimizə uzanan əllər…
Tarix sübut edib ki, ana dili hər bir xalqın milli-mənəvi bütövlüyünü, kimliyini və dövlət müstəqilliyini müəyyən edən fundamental əsaslardan biridir. Lakin bu dəyərli varlığımız tarix boyu zamanın sərt sınaqlarına məruz qalmış, onun inkişafına müxtəlif dövrlərdə süni əngəllər yaradılmışdır. Xüsusilə SSRİ dövründə – 1970-ci illərin ortalarından etibarən, mərkəzi ideoloji xətt milli dillərin deyil, “vahid sovet xalqı” anlayışının irəli çəkilməsini tələb edirdi. Bu anlayışın fonunda milli dillərin sıxışdırılması, ikinci plana keçməsi açıq bir siyasi tendensiyaya çevrilmişdi.
SSRİ Konstitusiyası və rəsmi sənədlərdə milli dillərin inkişafı hüquqi baxımdan qeyd edilsə də, reallıqda bu hüquqlar nominal xarakter daşıyırdı. Təhsil, kütləvi informasiya vasitələri və rəsmi yazışmalarda rus dili dominant mövqedə idi. Hətta milli respublikaların rəhbərləri də dil məsələsində sərbəst mövqe sərgiləməkdə acizlik nümayiş etdirirdilər. Ana dili məsələsini qaldırmaq, bir növ “millətçiliyin təzahürü” kimi damğalanır, belə təşəbbüslərlə çıxış edən ziyalılar repressiyalara məruz qalırdılar. Bu dövrdə milli dil haqqındadanışmaq, mübarizə aparmaq sadəcə siyasi deyil, eyni zamanda, mənəvi cəsarət tələb edən bir davranış idi.
Heydər Əliyevin tükənməz iradəsi və qətiyyəti…
Belə ağır və təhlükəli bir şəraitdə Ulu Öndər Heydər Əliyev xalqımızın milli kimliyinin əsas rəmzi olan ana dilinə sahib çıxmağı, onu qorumağı və inkişaf etdirməyi öz siyasi fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirdi. Heydər Əliyev ana dili məsələsində sarsılmaz mövqe sərgilədi və bu mövqe heç zaman heç bir təzyiqə tabe olmadı. Onun təşəbbüsü və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəası daxil edildi. Bu, o dövrün siyasi reallıqları kontekstində misilsiz və riskli bir addım idi. Ulu Öndər bu addımı atmaqla Azərbaycan xalqının milli-mədəni suverenliyini müdafiə edən ilk böyük siyasi qalanın təməlini qoydu. Bu, həm də gələcəkdə Azərbaycan dilinin hüquqi statusu üçün mühüm baza rolunu oynadı. Bu təşəbbüs göstərdi ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın qoruyucusudur.
Müstəqilliklə yüksələn dil…
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası qarşısında dayanan əsas vəzifələrdən biri də dövlət dilinin statusunu tam hüquqi müstəviyə çıxarmaq və bu dili ictimai-siyasi həyatın bütün sahələrində tətbiq etmək idi. Bu istiqamətdə ən mühüm addımlardan biri 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası oldu. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi və bununla da ana dilimizə dövlət səviyyəsində hüquqi zəmanət verildi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 2001-ci il 18 iyun tarixində imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu istiqamətdə aparılan işlərin sistemli və ardıcıl xarakter almasına zəmin yaratdı. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası təsis olundu və bu qurum Azərbaycan dilinin normativ əsaslarının qorunması, ədəbi dilin saflığının təmin olunması sahəsində mühüm rol oynamağa başladı.
Ana dilimizin bayramı
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli digər bir Fərmanı ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarixin təsadüfi seçilmədiyi bəllidir. Latın qrafikalı yeni əlifbanın rəsmi istifadəyə verilməsi və bununla da xalqımızın milli-mədəni yaddaşına əsaslanan müstəqil dil siyasətinə keçidi məhz bu gün simvollaşdırır. Hər il 1 avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi sadəcə simvolik deyil, həm də maarifləndirici və mənəvi mahiyyət daşıyan qərardır. Dil gününün təsis edilməsi ilə həm də xalqın diqqətinin dilə yönəldilməsi, ictimai məsuliyyətin gücləndirilməsi, maarifləndirici tədbirlərin təşviqi hədəf seçilmişdi. Bu qərar Heydər Əliyevin dilə verdiyi yüksək dəyərin daha bir sübutudur.
Prezident İlham Əliyevin strateji baxışı: Dil siyasətində davamlılıq
Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini ardıcıl şəkildə davam etdirərək dil siyasətini yeni tarixi mərhələyə çıxarmışdır. Onun rəhbərliyi ilə qəbul edilən mühüm sənədlər – “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” (2004-cü il), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (2004-cü il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (2013-cü il), “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər haqqında” (2018-ci il) və digər strateji sənədlər dilin funksional imkanlarını genişləndirmiş, onun müasir tələblərə uyğun tətbiqini təmin etmişdir. Xüsusilə Prezidentin 2018-ci il tarixli Fərmanı ilə yaradılmış Monitorinq Mərkəzi Azərbaycan dilində aparılan bütün rəsmi və ictimai ünsiyyətin dil normalarına uyğunluğuna nəzarət edən mütərəqqi bir institut kimi fəaliyyət göstərmiş və dövlət dilinin istifadəsində keyfiyyətin yüksəldilməsinə xidmət etmişdir. Azərbaycan dili bu gün sadəcə xalq dili deyil, həm də dövlət dili statusunda çıxış edərək hüquqi, siyasi, iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində aparıcı yer tutur. 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilin statusunu hüquqi baxımdan daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin yalnız ölkə əhalisi üçün deyil, həm də dünya azərbaycanlıları üçün milli-mədəni identiklik vasitəsi olduğu açıq şəkildə ifadə olundu.
Milli kimliyimizin aynası…
Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, həm də dünya azərbaycanlılarının mənəvi bağlarının daşıyıcısı kimi çıxış edir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti nəticəsində dövlət dili statusunu qazanan Azərbaycan dili müstəqilliyin ən mühüm atributlarından biri kimi inkişaf etdirilir. Prezident İlham Əliyevin bu siyasi xətti qətiyyətlə davam etdirməsi nəticəsində dilimiz informasiya texnologiyalarından tutmuş beynəlxalq platformalara qədər bir çox sahələrdə layiq olduğu yerini tutur.
Azərbaycan dili bu gün həm milli qürurumuzun simvoludur, həm də beynəlxalq platformalarda xalqımızı tanıdan, dövlətimizi təqdim edən mədəni kodumuzdur. Qloballaşma dövründə dilin qarşılaşdığı təhdidlərə qarşı mübarizə yalnız hüquqi bazaya əsaslanmaqla deyil, vətəndaş məsuliyyəti, ictimai maariflənmə və mədəni şüurun artırılması ilə də mümkün ola bilər. Ana dilimizi qorumalı, onu yaşatmalı, inkişaf etdirməli və gələcək nəsillərə sağlam şəkildə ötürməliyik. Çünki Azərbaycan dili xalqımızın ruhu, varlığının səsi, dövlətimizin sarsılmaz dayağıdır.
Qloballaşan dünyanın texniki “söz işğalı”na qarşı milli müqavimət yalnız ana dilinə bağlılıqla mümkündür. Ana dilimizin varlığı milli ruhun sönməz çırağıdır. Bu çırağın nurunu əbədiləşdirmək isə hər birimizin borcudur.
Yaqut Ağaşahqızı, “İki sahil”