Dünyanın ən zəngin dillərindən biri olan Azərbaycan dili xalqımızın milli kimliyinin, düşüncə tərzinin, mənəviyyatının əsasını təşkil edir. Tarixin ağır sınaqlarından çıxmış ana dilimizin kökləri hələ qədim minilliklərə gedib çıxır. Sovet imperiyasının milli dilləri sıxışdırdığı, rus dilini hegemon dil etdiyi bir zamanda Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin hüquqlarını qorumaq uğrunda mübarizə aparmışdır. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, o dövrün siyasi reallıqları fonunda tarixi və cəsarətli bir addım idi. Bu, Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi. O, hər zaman deyirdi: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik". Ulu Öndərin rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməsi, ziyalılara dəstək verməsi, ana dilində yazıb-yaradan yazıçı və şairlərə dəstəyi onun ana dilinə verdiyi dəyərin sübutudur. Azərbaycan məktəblərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mətbuat orqanlarının inkişafına göstərilən diqqət dil siyasətinin sistemli və ardıcıl aparıldığının göstəricisidir. Azərbaycanın böyük yazıçıları öz əsərlərini dogma dilimizdə yazmaqla bu dili bizə daha da sevdirirdilər. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi. Bu, xalqın əzmi ilə təsdiqlənmiş milli iradənin təzahürü idi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu isə dilimizin hüquqi statusunu nizamlayırdı.
Ümummilli Lider Heydər Əliyevin əsasının qoyduğu bu yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. 2018-ci il “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı dilin inkişafı və qorunması istiqamətində yeni bir addımdır. Məhz bu addımın nəticəsidir ki, Azərbaycan dili sadəcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində öyrənilir və tədris edilir.