"Federal hakim Trampın qərarını konstitusiyaya zidd sayıb..."
ABŞ-ın federal məhkəməsi prezident Donald Trampın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) əməkdaşlarına qarşı tətbiq etdiyi sanksiya fərmanının icrasını dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məsələ hüquq müdafiəçilərinin aprel ayında məhkəməyə verdiyi iddia ərizəsi əsasında gündəmə gəlib. Onlar Trampın fevralın 6-da imzaladığı fərmana etiraz edib. Həmin sənəd BCM-də amerikalılar və onların müttəfiqləri, ilk növbədə İsrail barəsində araşdırmalarda iştirak edən şəxslərə qarşı iqtisadi və miqrasiya sanksiyalarının tətbiqini nəzərdə tutub.
Federal hakim Nensi Torsen öz qərarında Trampın fərmanını "ifadə azadlığının konstitusiyaya zidd məhdudlaşdırılması" kimi qiymətləndirib. O, bildirib:
"Bu fərman məqsədə çatmaqdan daha çox ifadə azadlığını həddindən artıq məhdudlaşdırır". Hakimin fikrincə, fərman qanunsuzdur, çünki o, istintaqa fayda verə biləcək istənilən ifadəni, - istər ABŞ, istər İsrail, istərsə də digər müttəfiqlərlə bağlı olsun, - qadağan edir.
Tramp BCM-i "səlahiyyətlərini aşmaqda" günahlandırıb
Xatırladaq ki, 6 fevral 2025-ci ildə Donald Tramp BCM-ə qarşı sanksiya fərmanı imzalayıb. Fərmanda deyilir ki, ABŞ və ya müttəfiqlərinə, xüsusilə İsrailə qarşı aparılan araşdırmalarda iştirak edən şəxslərə və onların ailələrinə qarşı maliyyə və viza qadağaları tətbiq olunur.
Tramp BCM-i "səlahiyyətlərindən sui-istifadə etməkdə" və İsrail baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair "əsassız orderlər" çıxarmaqda günahlandırıb.
Sanksiyalar siyahısına BCM-in baş prokuroru, britaniyalı Kərim Xan da daxil edilib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi onu və digər şəxsləri sanksiya siyahısına sallb. Qanuna görə, ABŞ vətəndaşları bu şəxslərə hər hansı xidmət göstərsələr, mülki və ya cinayət məsuliyyətinə cəlb oluna bilər.
Məhkəmə BCM-in fəaliyyətinə müdaxiləni rədd edib
Trampın sərt mövqeyinə baxmayaraq, Beynəlxalq Cinayət Məhkəməsi geri çəkilməyib. Hətta iyulun 16-da BCM-in ilkin baxış palatası İsrailin müraciətini rədd edərək, Netanyahu və Qalantın həbs orderlərinin ləğvini və istintaqın dayandırılmasını qəbul etməyib.
Hazırda nə Ağ Ev, nə də Beynəlxalq Cinayət Məhkəməsi bu qərara münasibət bildirməyib. Lakin ABŞ məhkəməsinin verdiyi bu qərar Tramp administrasiyasının BCM-ə qarşı hüquqi mübarizəsində ciddi geriləmə hesab olunur.