AZ

Trampın siyasəti investorları sevindirir, seçicilər isə narazıdır: Səbəb nədir?

ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dövrünün ilk altı ayında fond bazarı yüksəliş göstərsə də, amerikalıların əksəriyyəti iqtisadi vəziyyətlə bağlı nikbin deyil. 

Valyuta.az xəbər verir ki, "Axios" nəşrinin məlumatına görə, investorlar gömrük rüsumlarının tətbiqindən sonrakı iqtisadi canlanmaya ümid etsələr də, əhali inflyasiya və yüksək qiymətlər səbəbindən narahatdır. Bu da bir daha sübut edir ki, fond bazarındakı artım ümumi iqtisadi rifahın göstəricisi deyil.

"S&P 500" indeksi il ərzində 7% artaraq tarixi ortalamaları üstələyib. Lakin "CBS News"-"YouGov" tərəfindən aparılan sorğuya əsasən, respondentlərin 70%-i Tramp administrasiyasının qiymətlərin azaldılması məsələsinə kifayət qədər diqqət yetirmədiyini düşünür. Sorğu iştirakçılarının 61%-i gömrük siyasətinə həddindən artıq önəm verildiyini, 60%-i isə gömrük rüsumlarına qarşı olduqlarını bildirib.

"U.S. Bank Asset Management" şirkətinin investisiya direktoru Erik Fridmanın fikrincə, iqtisadiyyat ümumilikdə yavaşlayır, lakin kapital bazarları bu prosesə sakit yanaşır. Onun sözlərinə görə, investorlar gömrük rüsumları ilə bağlı debatlar səngidikdən sonra iqtisadiyyatın bərpasına ümid edirlər və qısamüddətli durğunluq onları narahat etmir.

Fridman əlavə edir ki, yüksək gəlirli istehlakçılar arasında sərfiyyat artımı müşahidə olunur – bu, “var-dövlət effekti” adlanır. Yəni, səhmlərin qiyməti yüksəldikcə varlı şəxslər daha çox xərcləməyə meylli olur. Lakin bu, cəmiyyətin ümumi vəziyyəti ilə bağlı aydın təsəvvür yaratmır.

Analitiklər qeyd edirlər ki, səhmlərin dəyərinin artması mütləq şəkildə investorların iqtisadiyyata güvəndiyini göstərmir. Bu, daha çox aktivlərin bazar qiymətinin artmalı olduğu yönündəki gözləntilərlə bağlıdır.

Donald Tramp bəyan edib ki, Moskva Ukraynada müharibəni 50 gün ərzində dayandırmasa, ABŞ Rusiya ilə ticarət edən bütün ölkələrə qarşı 100%-lik ikincil gömrük rüsumu tətbiq edəcək. Lakin investorlar Trampın bu təhdidi gerçəkləşdirəcəyinə inanmırlar. Prezidentin bir-birinə zidd açıqlamaları isə onun iqtisadi siyasətinə olan inamı sarsıdır.

Paşa Məmmədli

Seçilən
29
38
valyuta.az

10Mənbələr