"Sertifikasiya müsbət düşünülməlidir. Təhsilin sağlamlaşdırılması baxımından yaxşı bir addımdır. Həm də müəllimlərin maaş artımı üçün yaxşı haldır".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu müəllimlər üçün keçirilən sertifikasiya imtahanlarından və imtahanlarla bağlı edilən narazılıqlardan danışarkən bildirdi.
"Ən əsası biz şagirdləri daha sağlam müəllimlərə etibar etmiş oluruq. Təhsili bir növ daha yaxşı müəllimlərə vermiş oluruq. Sadəcə narazılıqlar müxtəlifdir. Diqqətimi çəkən odur ki, xüsusilə Azərbaycan dili və ədəbiyyatı və kimya müəllimləri narazılıq edir. Digər fənlərə düşən səviyyə bu fənlərdəki kimi deyil. Suallar uzun olub, vaxt isə kifayət etməyib. Çoxluq onu göstərir ki, bu, haqlı narazılıqdır. Sertifikasiya sağlam keçirilməlidir. Sertifikasiya müəllimi işdən çıxarmağa yox, təhsilin sağlamlaşdırılmasına hesablanmalıdır. Bu istiqamətdə sertifikasiyanı biz dəstəkləyirik. Düşünürəm ki, qüsurlar növbəti imtahanlarda daha da nəzərə alınar və daha sağlam mühitdə müəllimlər imtahan vermiş olarlar", - deyə təhsil eksperti vurğuladı.
Aytəkin TOFİQQIZI